ABŞ İrana güzəşt etmədi - Daha bir il uzadıldı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib. Rəsmi Vaşinqton hesab edir ki, sanksiyalar səmərəlidir və onun qüvvədə qalması zəruridir.
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verən bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzatması, Vaşinqtonun Tehranla münasibətlərdə dialoqdan çox təzyiq xəttini davam etdirmək niyyətində olduğunu göstərir:
“Bu qərar, əsasən İranın nüvə proqramı, regional hərbi fəaliyyəti və Qərb əleyhinə koalisiyalardakı rolu ilə bağlı narahatlıqlardan qaynaqlanır. Tramp administrasiyası sanksiyaları yalnız iqtisadi vasitə kimi deyil, həm də İran rejiminin davranışını dəyişməyə yönəlmiş strateji mexanizm kimi təqdim edir. Lakin son illərin təcrübəsi göstərir ki, bu sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurmasına baxmayaraq, Tehranın əsas siyasi və hərbi strategiyalarında radikal dəyişiklik yaratmayıb”.
Politoloq ABŞ-nin “maksimum təzyiq” siyasətinin nəticəsində İranın neft ixracı azaldığını, valyuta dəyərinin kəskin düşdüyünü eyni zamanda inflyasiya və işsizlik səviyyəsi yüksəldiyini qeyd edib.
Onun sözlərinə görə, bununla belə, İran rəhbərliyi daxili istehsalı və qeyri-rəsmi ticarət kanallarını gücləndirərək müəyyən dərəcədə adaptasiya bacarığını nümayiş etdirib:
“Bu da onu göstərir ki, sanksiyalar Tehranın davranışını məhdudlaşdırır, lakin tam şəkildə dəyişdirə bilmir. Geosiyasi baxımdan sanksiyalar ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə, xüsusilə İsrail və Səudiyyə Ərəbistanına siyasi dəstək siqnalıdır”.

Z.Qarayeva Vaşinqtonun bu yolla həm İranın regional nüfuz dairəsini sıxışdırmaq, həm də Çin və Rusiyanın Tehrana iqtisadi təsirini məhdudlaşdırmaq niyyətində olduğunu da əlavə edib:
“Lakin eyni zamanda bu siyasət İranı daha çox Şərq blokuna, Moskva və Pekinlə yaxın əməkdaşlığa yönəldir. Bu isə ABŞ üçün ikitərəfli nəticə yaradır: iqtisadi təzyiq artsa da, siyasi balans əks istiqamətdə hərəkət edir. Beləliklə, Trampın sanksiyaları uzatmaq qərarı qısamüddətli strateji qazanclar yaratsa da, uzunmüddətli perspektivdə dialoq imkanlarını daraldır. İndi əsas sual budur ki, ABŞ bu təzyiq mexanizmini nə qədər davam etdirə bilər və İran daxili müqavimət gücü ilə bu təzyiqi nə qədər tarazlaya bilər? Mövcud göstəricilər göstərir ki, tərəflər arasında qarşılıqlı etimad yaranmadan bu sanksiyalar nə tam səmərə verəcək, nə də bölgədə sabitlik gətirəcək”.
Fidan Hacızadə
Sfera.az






