“İbrahim Sazişi" Trampın strateji addımıdır - Politoloq

"İbrahim Sazişi" Trampın strateji addımıdır - Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın “İbrahim Sazişi” ilə bağlı son açıqlaması yenidən Yaxın Şərq diplomatiyasını gündəmə gətirib. Tramp “TruthSocial”da bildirib ki, bir çox ölkə İsraillə münasibətləri normallaşdırmaq üçün bu prosesə qoşulmağa hazırdır və onun ikinci prezidentlik müddətində “İbrahim Sazişi”nə qatılan ilk ölkənin Qazaxıstan olduğunu deyib. 


2020-ci ildə başlayan bu təşəbbüsə artıq bir neçə ərəb dövləti qoşulub. 


Bəs bu sazişin indiyədək iştirakçıları kimlərdir və Azərbaycan üçün belə bir addım gözlənilirmi?


Sualımızı cavablandıran politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, “İbrahim Sazişləri” Tramp administrasiyasının Yaxın Şərqdə atdığı ən ağıllı və strateji addımlardan biri idi.


Onun sözlərinə görə, bu təşəbbüs uzun illər ərzində regionu gərginlik, nifrət və qarşılıqlı inamsızlıq girdabında saxlayan stereotipləri dağıtdı:


“ABŞ-nin vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan arasında diplomatik münasibətlərin bərpası tarixi dönüş nöqtəsi oldu. Tramp bu sazişlə göstərdi ki, güc diplomatiyası və real siyasət idealizmdən daha çox sülh gətirə bilər. Bu gün onun adını çəkərək yeni dövlətlərin, o cümlədən Qazaxıstanın  prosesi davam etdirməsi, həmin siyasətin hələ də effektli olduğunu sübut edir. Əslində Tramp administrasiyasının bu xətti regionda ABŞ-nin liderliyini yenidən möhkəmləndirdi. Yaxın Şərqdə Vaşinqtonun yenidən söz sahibi olması birbaşa bu sazişlərin nəticəsidir”.

 


Politoloq vurğuladı ki, Bakı İsraillə strateji tərəfdaşdır, amma eyni zamanda ərəb ölkələri ilə də balanslı siyasət yürüdür:


“Bizim üçün əsas prioritet milli maraqlar və regional sabitlikdir, hər hansı diplomatik bloklaşma deyil. Bununla belə, “İbrahim Sazişləri”nin ruhu,  yəni qarşılıqlı tanınma, qarşıdurmadan dialoqa keçid, Azərbaycanın sülh gündəliyi ilə uzlaşır. Trampın ideyası əslində bu cür praqmatik yanaşmaların qlobal modelidir. O, göstərdi ki, diplomatiya bəzən masa arxasında deyil, strateji qərarların cəsarətində qazanılır.  Onun dediyi kimi, Yaxın Şərqdə sülh artıq utopiya deyil, siyasi iradə məsələsidir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR