Rusiya neftinin ixracı xeyli azalıb - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin ixracının tətbiq olunan sanksiyalar səbəbindən azaldığını bildirib.
Sfera.az xəbər verir ki, o, Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüşdə ABŞ məhdudiyyətlərinin Rusiya neft ixracına təsiri barədə suala cavabında deyib:
“Deyə bilərəm ki, Rusiyadan ixrac xeyli azalıb”.
Tramp əlavə edib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirir:
“Biz düşünürük ki, nə vaxtsa onlar çox ağıllı davranacaq və bunu edəcəklər”.
Prezidentin sözlərinə görə, Rusiyanın ixracı əhəmiyyətli dərəcədə azalıb, lakin o, bu məlumat üçün mənbə göstərməyib.
Xatırladaq ki, oktyabrın sonunda ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərini, eləcə də onların 34 törəmə müəssisəsini “qara siyahı”ya daxil edib. Ağ Evin mətbuat katibi Karolin Leavitt bəyan edib ki, məhdudiyyətlər Moskva üzərində Ukrayna münaqişəsi ilə bağlı ciddi təzyiq yaratmaq məqsədi daşıyır.
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, ABŞ-nin yeni sanksiyaları ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək, əksinə, ikitərəfli münasibətlərə zərər vuracaq.
Niyaz Hacıyev
Sfera.az






