Vaşinqtonun bu qərarı Pxenyanı qəzəbləndirdi

Şimali Koreya ABŞ-nin qeyri-qanuni fəaliyyətlərdən əldə edilən vəsaitlərin yuyulmasında iştirak edən şəxslər və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara kəskin reaksiya verib. Pxenyan bu qərarı “düşmənçilik addımı” adlandıraraq, cavab tədbirləri görəcəyini bəyan edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Xarici İşlər nazirinin müavini Kim Un Çol ABŞ-nin bir sıra şimali koreyalı bank işçiləri və maliyyə qurumlarını sanksiya siyahısına salmasına etiraz edib.
O bildirib ki, Donald Tramp administrasiyası hakimiyyətə gəldikdən bəri ABŞ artıq beşinci dəfədir Pxenyana qarşı birtərəfli sanksiya tətbiq edir.
Kim Un Çol vurğulayıb ki, bu addım Vaşinqtonun Şimali Koreyaya münasibətdə siyasətində dəyişiklik olacağına dair bütün ehtimallara son qoyur:
“ABŞ-nin bu qərarı onun Şimali Koreyaya qarşı düşmən münasibətini bir daha göstərir. Biz də buna uyğun cavab addımları atacağıq”.
Xatırladaq ki, ABŞ administrasiyası noyabrın 4-də müxtəlif qeyri-qanuni fəaliyyətlər, o cümlədən kiber cinayətlər nəticəsində əldə edilən vəsaitlərin yuyulmasında iştirak edən 8 şəxs və 2 quruma qarşı sanksiya tətbiq etmişdi.
Şimali Koreya lideri Kim Çen In və Donald Tramp 2018 və 2019-cu illərdə üç dəfə görüş keçirsə də, Pxenyan sonradan Vaşinqtonla diplomatik danışıqları dayandırmışdı.
Kim Çen In sentyabr ayında ABŞ-yə müraciət edərək, danışıqların bərpası üçün Vaşinqtonun “nüvə silahlarından imtina” tələbindən geri çəkilməsini tələb etmişdi.
Bəsti Rəfizadə
Sfera.az






