Pokrovsk kimin olacaq? - Şəhər "əl dəyişə" bilər

Ukraynanın şərqində yerləşən Pokrovsk şəhərində Rusiya və Ukrayna qüvvələri arasında şiddətli döyüşlər davam edir. Ukrayna ordusunun bir ildən artıqdır müdafiə etməyə çalışdığı şəhərdə rus qüvvələrinin müəyyən irəliləyişlər əldə etdiyi bildirilir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Dobropilya şəhərinə səfər edərək, cəbhə xəttində əsgərlərlə görüşüb. Zelenski bildirib ki, Pokrovskun müdafiəsini gücləndirmək üçün bölgəyə əlavə qüvvələr və silah-sursat göndərilib.
Pokrovsk, Donetsk vilayətində strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Rusiya tərəfi bu şəhəri “Donetskin qapısı” adlandırır və buranı ələ keçirməklə bölgənin tam nəzarətə götürülməsinin asanlaşacağını düşünür. Analitiklərə görə, rus qoşunları Pokrovsku ələ keçirdikdən sonra Kramatorsk və Sloviansk istiqamətində hərəkət etməyə cəhd göstərə bilər.
Açıq mənbələrdən məlumat toplayan “DeepState” platformasının xəritəsi rus qüvvələrinin Pokrovsk və ətrafında irəliləyiş əldə etdiyini göstərir. Lakin xəritədə şəhərin böyük hissəsi “boz zona” kimi qeyd olunub, yəni bu ərazilər hələ heç bir tərəfin tam nəzarətində deyil.
Məlumatlara görə, rus əsgərləri bəzi məhəllələrdə xəndəklər qazır, baryerlər qurur, şəhərin cənub hissəsində isə ən azı bir yaşayış məntəqəsini nəzarətə götürüb.
Rusiya, 2024-cü ilin əvvəlində Andriivka qəsəbəsini ələ keçirdikdən sonra cəbhədə ciddi irəliləyiş əldə edə bilməmişdi. Hərbi ekspertlər hesab edirlər ki, Pokrovskun işğalı Moskva üçün əlamətdar qələbə sayıla bilər.
Hazırda Donetsk vilayətində Ukraynanın nəzarətində qalan iki böyük şəhər Kramatorsk və Sloviansk Rusiya üçün növbəti əsas hədəf kimi göstərilir.
Müharibədən əvvəl 60 min nəfərin yaşadığı Pokrovsk bu gün xəyallar şəhərinə çevrilib. Əhalinin böyük hissəsi, o cümlədən bütün uşaqlar şəhəri tərk edib. Döyüşlər səbəbindən şəhərdə yalnız hərbçilər və bəzi mülki şəxslər qalıb.
Bəsti Rəfizadə
Sfera.az






