Çinli kosmonavtlar Yerə qayıda bilmədi - Gəmidə nasazlıq var

Çinin “Tienqonq” (“Göy sarayı”) adlı kosmik stansiyasında fəaliyyət göstərən kosmonavtların Yerə qayıdışı təxirə salınıb.
Onları geri gətirməli olan “Şençjou-20” kosmik gəmisində aşkar edilən xırda texniki nasazlıq buna səbəb olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çin Kosmik Uçuşlar Agentliyi (CMSA) məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, kosmik gəmidəki zədənin kosmik tullantılar nəticəsində yarandığı ehtimal olunur. Agentliyin məlumatına görə, hadisə ilə bağlı təsir analizi və risk qiymətləndirməsi aparılacaq.
CMSA bəyan edib ki, kosmonavtlaırn təhlükəsizliyi və missiyanın uğurla başa çatması üçün “Şençjou-20”nin Yerə dönüşü təxirə salınıb. Kosmonavtlar Çın Donq, Çın Conqrui və Van Cie 24 aprel tarixində “Şençjou-20” kosmik gəmisi ilə “Tienqonq” stansiyasına göndərilmişdi.
Onlar artıq 6 aydan çoxdur ki, stansiyada elmi və texniki araşdırmalar aparırlar. 31 oktyabrda “Şençjou-21” ekipajı da stansiyaya göndərilmiş və orada orbital növbə dəyişimi həyata keçirilmişdi. Hazırda “Tienqonq” stansiyasında 3 nəfərlik kosmonavt heyəti 6 aylıq dövri missiyalarla növbəli şəkildə çalışır Xatırladaq ki, bu, son aylarda baş verən ilk oxşar hadisə deyil.
ABŞ-nin NASA agentliyinə məxsus astronotlar Suni Uilyams və Butç Uilmore da 2024-cü ilin iyununda “Boeing” şirkətinin “Starliner” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilmiş, lakin texniki nasazlıq səbəbindən Yerə eyni kapsulla qayıda bilməmişdilər.
“Starliner” Yerə boş şəkildə dönmüş, astronotlar isə 9 ay sonra “SpaceX” kapsulu ilə Yerə geri qayıtmışdılar. Ekspertlər bildirirlər ki, son hadisələr kosmik uçuşlarda təhlükəsizlik məsələlərinin yenidən qiymətləndirilməsini zəruri edir.
Bəsti Rəfizadə
Sfera.az
