Tramp senatorları səhər yeməyinə çağırdı

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bütün respublikaçı senatorları səhər yeməyinə dəvət edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyası tərəfindən yayımlanan rəsmi cədvəldə məlumat verilib. Məlumata görə, Trampın qısa çıxış edəcəyi tədbir yerli vaxtla səhər saat 8:30-da (Bakı vaxtı ilə 17:30) başlayacaq.
Görüşün mövzusu açıqlanmasa da, onun ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması fonunda keçiriləcəyi bildirilir.
Xatırladaq ki, oktyabrın 1-də (Bakı vaxtı ilə 08:00) maliyyə çatışmazlığı səbəbindən ABŞ hökumətinin fəaliyyətinin dayandırılması, yəni şatdaun baş verib.
Bu vəziyyət Konqresdəki Respublikaçı və Demokratik partiyalar arasında səhiyyə də daxil olmaqla bir sıra xərclər üzrə razılığın əldə olunmaması nəticəsində yaranıb. Hazırda tərəflər arasında razılıq əldə edilməyib və Demokratlar ilə Respublikaçılar bir-birlərini siyasi mənfəət məqsədilə bağlanmanı uzatmaqda ittiham edirlər.
ABŞ hökumətinin hazırkı bağlanması artıq 35 gündür davam edir və ölkə tarixində ən uzunmüddətli “shutdown” kimi qeydə alınıb.
Niyaz Hacıyev
Sfera.az






