Tramp nüvə silahından istifadə edəcək?- AÇIQLAMA

ABŞ 30 ildən sonra ilk dəfə nüvə silahının sınağını keçirəcək. Prezident Donald Tramp bildirib ki, Çin, Şimali Koreya və Rusiya bu cür sınaqları həyata keçirirlər.
Sınaqların intensivləşməsi nə məqsədi daşıyır? Nüvə qarşıdurması ehtimalı nə dərəcədə güclüdür?
Sınaqların intensivləşməsi və bunun mümkün nəticələri barədə politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib. Politoloqun sözlərinə görə, Tramp hesab edir ki, hər bir dövlətin iqtisadi-siyasi münasibətləri ilə yanaşı, həm də hərbi təzyiq metodları mövcuddur.

"Trampın xarici siyasəti hazırda soyuq sülh prinsipləri üzərində qurulub. Bu da ondan ibarətdir ki, Tramp administrasiyası ABŞ-nin hədəflərini məhz iki istiqamət üzrə təmin etməyə çalışır. Bir tərəfdən iqtisadi-ticari alətlərdən istifadə olunur, qarşı tərəfə ABŞ-nin maraqlı olduğu məsələlər diqtə olunur. Bu baş vermədikdə, yəni qarşı tərəf ABŞ-nin rəqibi olan dövlət Tramp administrasiyasının təkliflərini və şərtlərini qəbul etmədikdə daha çox hərbi faktorlar ön plana çəkilir".
O vurğulayıb ki, Tramp administrasiyası artıq nüvə faktorunu qlobal məkanda əsas müəyyənləşdirici faktor olaraq biruzə verir:
“Rusiyanın Qərbə yönəlik nüvə təhdidlərinə prezident Tramp da eynilə cavab vermişdi və bildirmişdi ki, nüvə savaşına hazırdırlar. Əgər hər hansı bir dövlət nüvə silahından istifadə etmək niyyətinə düşərsə, bu halda çox ağır cavab ala bilər. Yəni son vaxtlar Tramp administrasiyası nüvə faktorunun təsiredici imkanlarını daha ciddi şəkildə sınaqdan keçirməyə başlayıb”.
Politoloq əlavə edib ki, Tramp Pentaqona nüvə sınaqlarının keçirilməsi barədə təlimat verib və bu bütün dünyaya, xüsusilə də ABŞ-nin əsas hərbi-strateji rəqiblərinə – Çin, Rusiya və Şimali Koreyaya birbaşa mesajdır.
“Bu dövlətlər ABŞ-nin nüvə sınaqlarından ciddi şəkildə narahatdırlar. Bu proses Amerikanın xarici siyasət hədəflərinin reallaşdırılmasında xüsusi rol oynayır. Hansısa mərhələdə qarşıdurma ən yüksək həddə çatdığı halda, nüvə müharibəsinin baş vermə ehtimalı ön plana keçə bilər. Bu da bütövlükdə dünya üçün ən təhlükəli ssenari deməkdir”.
Bəsti Rəfizadə
Sfera.az






