Tutanhamon bir əsr sonra yenidən “oyandı” - FOTOLAR

Misir müasir dövrün mədəni simvoluna çevrilməyi hədəfləyən Böyük Misir Muzeyini (GEM) rəsmi olaraq açıb. Gizadakı Böyük Xeops Piramidasının yaxınlığında yerləşən bu nəhəng muzey dünyanın ən iri arxeoloji muzeyi kimi diqqət mərkəzindədir. Təxminən 100 min eksponatın qorunduğu GEM, yeddi minillik Misir tarixini əhatə edən zəngin irsi ziyarətçilərə təqdim edir.
Sfera.az bildirir ki, muzeyin ən mühüm hissələrindən biri Tutanhamon bölməsidir. Burada fironun məzarından tapılan bütün artefaktlar ilk dəfə birlikdə sərgilənir. 1922-ci ildə britaniyalı arxeoloq Hovard Karter tərəfindən kəşf edilən məzardan çıxarılan 5500-dən çox artefakt bu dəfə bir araya gətirilib. Kolleksiyada fironun qızıl ölüm maskası, taxtı, arabaları və digər qiymətli əşyalar yer alır.
Muzeyin keçmiş direktoru, Beynəlxalq Misirşünaslar Assosiasiyasının prezidenti Dr. Tarek Tawfik bildirib:“Bu artefaktların heç biri artıq anbarlarda saxlanılmır və onlar başqa muzeylərdə nümayiş etdirilmir. Ziyarətçilər bir əsr əvvəl Hovard Karterin yaşadığı həyəcanı öz gözləri ilə görəcəklər".
Təxminən 1,2 milyard dollarlıq sərmayə ilə inşa edilən muzey hər il 8 milyon turist qəbul etməyi hədəfləyir. Misir bu layihə vasitəsilə turizmin inkişafına yeni nəfəs verməyi planlaşdırır.
Təxminən 500 min kvadratmetr ərazidə tikilən GEM-in ölçüsü 70 futbol meydançasına bərabərdir. Binanın fasadı qədim heroqliflərlə bəzədilib, piramida formalı giriş isə tikilinin simvolik mərkəzini təşkil edir. Ziyarətçiləri muzeyin girişində II Ramzesin 11 metrlik heykəli və 16 metrlik asma obelisk qarşılayır.
Mərasim zamanı Misirdən illər ərzində qaçaqmalçılıq yolu ilə çıxarılan artefaktların geri qaytarılması ilə bağlı da çağırışlar səsləndirilib.
Böyük Misir Muzeyi layihəsinin əsası hələ 1992-ci ildə, Hüsnü Mübarəkin prezidentliyi dövründə qoyulub. Lakin Ərəb Baharı, iqtisadi çətinliklər və COVID-19 pandemiyası səbəbindən onun açılışı dəfələrlə təxirə salınmışdı. Keçmiş Turizm və Antik Əşyalar naziri Dr. Zahi Havass muzeyin Misir arxeoloqlarının dünya miqyasında həmkarları ilə eyni səviyyədə olduğunu vurğulayaraq, Rosetta Daşının, Dendera Bürcünün və Nefertiti büstünün Misirə qaytarılmasına çağırıb. Misirli arxeoloq Dr. Monika Hanna isə bu əsərlərin müstəmləkə dövründə ölkədən aparıldığını xatırladaraq, onların geri qaytarılmasının mədəni ədalət baxımından vacibliyini qeyd edib.
GEM yalnız qədim irsi deyil, həm də müasir Misirin mədəni nailiyyətlərini və bərpa sənətini nümayiş etdirir. Tutanhamonun zirehləri və dəri məmulatları misirli mütəxəssislər tərəfindən bərpa olunaraq ziyarətçilərə təqdim edilir. Dr. Tarek Tofiqin sözlərinə görə, layihə təkcə qədim keçmişi deyil, həm də müasir Misirin istedadını və sənətkarlığını dünyaya göstərir.
Beləliklə, Böyük Misir Muzeyi həm tarixi irsin qoruyucusu, həm də müasir mədəniyyətin simvolu kimi ölkənin yeni dövrdəki mədəni vizit kartına çevrilir.
Aynil






