Kompüter xətası sandı, amma 1 milyon qazandı

Cənubi Uelsdə yaşayan 73 yaşlı Piter Rocers təsadüfən oynadığı lotereyada 1 milyon funt sterlinq udub.
Sfera.az bildirir ki, o, əvvəlcə ekranda çıxan mesajı kompüter xətası hesab edib.
Rocers həftəsonu alış-veriş zamanı lotereya bileti alıb və onu kassada yoxlayarkən ekranda “Lotto qərargahı ilə əlaqə saxlayın” yazısı görünüb. 73 yaşlı kişi əvvəlcə bunun sistem nasazlığı olduğunu düşünüb və bileti başqa mağazada da yoxlayıb. Lakin nəticə eyni olub. Qısa müddət sonra isə məlum olub ki, o, əsas uduşu – 1 milyon funt sterlinqi qazanıb.
“Hələ də inana bilmirəm. Bunun real olduğuna əmin olmaq üçün bir neçə dəfə yoxladım. Düşünürdüm ki, bu cür şeylər ancaq başqalarının başına gəlir”, – deyə Rocers bildirib.
Üç uşaq atası olan Rocers qazandığı pulla həyat yoldaşı Roza ilə daha rahat bir ev almağı planlaşdırır. O, həmçinin uzun illər arzusunda olduğu kimi, Nyu-Yorkda “Madison Square Garden”də keçiriləcək böyük boks qarşılaşmasını canlı izləmək istəyir.
Rocers boks həvəskarı olmaqla yanaşı, Merthyr Tydfil şəhərinin boks tarixi haqqında kitabın da müəllifidir. O, bu qələbəsini “həyatımın ən böyük şansı” adlandırıb.
Aynil






