Cinayətkarın son istəyi: “SON YEMƏK” - Həmin DƏHŞƏTLİ GÜN

2011-ci ildə Ceyms Bördün qətlində günahkar bilinərək edam cəzasına məhkum edilən 44 yaşlı Lourens Brüerin ölümündən əvvəlki son istəyi Texas həbsxana sistemində mühüm dəyişikliyə səbəb olub.
Sfera.az bildirir ki, əvvəllər qanuna əsasən, edam cəzasına məhkum edilən məhbuslar son yeməklərini öz arzularına uyğun sifariş edə bilirdilər. Brüer də bu hüquqdan istifadə edib və sifariş etdiyi yemək siyahısı ilə tarixə düşüb.
Onun sifarişi olduqca geniş idi: üç ətli və bekonlu pendirli burger, ətli pizza, pendir, mal əti və tərəvəzli omlet, üç fajita, sous və soğanlı iki toyuq steyki, ketçuplu böyük bir kasa bamya, bir funt barbekü əti, yarım çörək, əzilmiş fıstıq yağı, bir pint dondurma və üç böyük pivə.
Lakin bütün bunlar kamerasına gətirildikdən sonra Brüer yeməkdən imtina edib və ac olmadığını bildirib.
Bu hərəkət Texas həbsxana rəhbərliyini ciddi şəkildə qəzəbləndirib. Nəticədə, həmin vaxtdan etibarən “son yemək” seçmək imtiyazı ləğv edilib. Artıq ölüm hökmü icra edilən məhbuslara edamdan əvvəl digər məhbuslarla eyni yemək verilir.
Qərar Brüerin 21 sentyabr 2011-ci il tarixində edamından bir neçə saat sonra qəbul edilib və bir neçə gün ərzində Texas Cinayət Ədliyyə Departamenti tərəfindən təsdiqlənib.
ABŞ rəsmiləri həmin dövrdə Brüerin bu hərəkətini “ölüm hökmü sistemi üçün son damla” adlandırıblar. Texas senatoru Con Uitmir məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək demişdi: “Bəsdir! Ölüm hökmü verilmiş bir məhbusa belə bir imtiyaz vermək çox yersizdir. Bu, cinayətkarın qurbanına vermədiyi bir imtiyazdır".
Senator bu sözlərlə Brüerin məhkəmədə peşmançılıq ifadə etməməsinə və davranışına işarə edib.
Ceyms Bördün qətli: ABŞ-ı sarsıdan hadisə
1998-ci ildə Lourens Rassell Brüer və onun iki ortağı — Con Uilyam Kinq və Şon Allen Berri — 49 yaşlı qaradərili Ceyms Bördü (kiçik) vəhşicəsinə qətlə yetiriblər.
1998-ci il iyunun 7-də səhər tezdən Texas ştatının Jasper şəhərində Börd əyləncədən evə qayıdarkən bu üç nəfərlə rastlaşıb. Onlar Bördə evə aparmağı təklif ediblər, lakin daha sonra onu ucqar bir yerə apararaq işgəncələrə məruz qoyublar.
Cinayətkarlar Bördü avtomobilə bağlayıb yolda sürüyərək öldürüblər. Onun bədəni parçalanmış vəziyyətdə tapılıb, qan izi və şəxsi əşyalar iki mil məsafəyə qədər uzanıb. Tibbi ekspertin məlumatına görə, Börd sürükləndiyi zaman hələ sağ olub.
İstintaq göstərib ki, Brüer “Ku Kluks Klan” kimi irqçi təşkilatların ideyalarını bölüşüb və “ağların üstünlüyünü” təbliğ edib.
Edamdan bir gün əvvəl Brüer deyib: “Etdiklərimdən peşmanammı? Yox, yox. Yenə olsa, yenə edərdim".
Cinayətin digər iştirakçısı 44 yaşlı Con Uilyam Kinq 2019-cu il aprelin 24-də edam edilib. O, irqçi qrupun əsas təşkilatçısı sayılırdı. Həbsxanada Brüerə yazdığı məktubda Kinq öz hərəkətləri ilə fəxr etdiyini bildirib.
Üçüncü şəxs — Şon Allen Berri isə ömürlük həbs cəzası alıb.
Ceyms Bördün qətli ABŞ-da böyük rezonans doğurub və nəticədə 2009-cu ildə ABŞ Konqresi “Nifrət Cinayətləri Qanunu”nu qəbul edib. Bu qanun irq, dəri rəngi, din, cinsi oriyentasiya, əlillik və ya milli mənşəyə görə törədilən cinayətlərə görə cəzaları sərtləşdirib.
Aynil






