Si Cinpin söz verib - Tayvanla bağlı addım atılmayacaq

ABŞ Prezidenti Donald Tramp Tayvanla bağlı gərginliyə dair diqqətçəkən bəyanat verib. O, Çin lideri Si Cinpinin prezidentliyi dövründə Tayvanı materik Çinlə birləşdirmə planını həyata keçirməyəcəyinə dair zəmanət verdiyini bildirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tramp CBS telekanalına müsahibəsində deyib:
“Si bunu açıq şəkildə dedi. Komandası da görüşlərdə “Prezident Tramp vəzifədə olduğu müddətdə heç bir addım atmarıq” ifadəsini işlətdi. Çünki nəticələrinin nə olacağını bilirlər”.
ABŞ lideri əlavə edib ki, Cənubi Koreyada Çin rəhbəri ilə keçirdiyi son görüşdə Tayvan mövzusuna toxunulmayıb, əsas müzakirə mövzusu iki ölkə arasındakı ticarət məsələləri olub. Tramp, buna baxmayaraq, Si Cinpinin onun prezidentliyi dövründə Tayvanla bağlı addım atmayacağına əmin olduğunu vurğulayıb.
Jurnalistin “Çin Tayvana hücum edərsə, ABŞ müdaxilə edəcəkmi?” sualına cavabında isə Tramp belə deyib:
“Bunu baş verəndə görərsiniz. Si bu sualın cavabını yaxşı bilir”.
Məsələyə münasibət bildirən Çin səfirliyinin sözçüsü Liu Penyu isə bildirib ki, Tayvan məsələsi Çin üçün daxili məsələdir:
“Heç bir şəxs və ya güc Tayvanı Çinlə birləşməkdən saxlaya bilməz. Bu problemin necə həll ediləcəyinə yalnız Çin xalqı qərar verə bilər”.
Qeyd edək ki, ABŞ 1979-cu il tarixli “Tayvan Münasibətləri Aktı”na əsasən, adanın özünü müdafiə qabiliyyətini dəstəkləyir və Tayvan məsələsində uzun illərdir “strateji qeyri-müəyyənlik” siyasətini davam etdirir.
Ekspertlərə görə, Tayvanda istehsal olunan çiplər ABŞ texnologiya sənayesi üçün həyati əhəmiyyət daşıyır. Buna görə də Vaşinqton üçün Tayvan “itirilə bilməyəcək” sənaye mərkəzi hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az






