“Rusiya dayanmayacaq, müharibə davam edəcək” - Politoloq

Rusiya ordusunun Donetsk vilayətindəki Pokrovsk və Mirnoqrad şəhərlərini ələ keçirməsi bölgədə vəziyyəti daha da gərginləşdirib. Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomujun sözlərinə görə, Rusiya qüvvələri hazırda Konstantinovka və Kramatorska doğru irəliləməyə çalışır. Bu, Kremlin Donetsk vilayətini tam nəzarətə götürmək istiqamətində növbəti addımı kimi qiymətləndirilir. Lakin sual açıq qalır: Rusiya Donetski tam ələ keçirdikdən sonra dayanacaqmı, yoxsa müharibə yeni mərhələyə keçəcək?
Sualımızı cavablandıran politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya qoşunlarının Pokrovsk və Mirnoqrad şəhərlərini ələ keçirməsi Donetsk vilayətində strateji vəziyyətin Moskva xeyrinə dəyişdiyini göstərir.
Müsahibimizin sözlərinə görə, bu ərazilər Kramatorsk və Konstantinovka istiqamətinə gedən əsas logistik və müdafiə xətləri üzərində yerləşdiyi üçün onların nəzarətə götürülməsi cəbhənin növbəti mərhələsi üçün önəmli addım sayılır:
“Rusiya bu şəhərləri ələ keçirməklə həm Donetsk vilayətinin inzibati sərhədlərinə yaxınlaşır, həm də Ukraynanın şərqdəki müdafiə sistemini tədricən sındırmaq niyyətini ortaya qoyur”.

Politoloqun fikrincə, Rusiya Donetski tam ələ keçirməklə dayanmaq niyyətində deyil:
“Bu, Kremlin daha geniş geosiyasi planının, Ukraynanın şərqində və cənubunda hərbi-siyasi üstünlük qazanmaq strategiyasının bir hissəsidir. Kramatorsk və Konstantinovka istiqamətində irəliləyiş Moskvanın Donbas üzərində tam nəzarəti təmin etməklə yanaşı, Qərb qarşısında psixoloji və diplomatik üstünlük əldə etməsinə xidmət edir”.
Z.Qarayeva qeyd etdi ki, bu, müharibənin sonu demək deyil. Donetskin tam ələ keçirilməsi Rusiya üçün yalnız mərhələvi uğur olacaq:
“Münaqişə daha geniş siyasi və təhlükəsizlik kontekstində davam edəcək, çünki Moskvanın məqsədi yalnız ərazi qazanmaq deyil, həm də Ukraynanın strateji müqavimət potensialını sarsıtmaq və Qərbin regiondakı təsir imkanlarını məhdudlaşdırmaqdır”.
Niyaz Hacıyev
Sfera.az






