Suriya xüsusi proqramla bərpa ediləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb ki, ölkəsi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) himayəsi altında Suriyanın dövlət qurumlarına dəstək proqramına start verir.
Sfera.az xəbər verir ki, Ərdoğan bildirib ki, proqramın əsas məqsədi Suriyanın yenidən qurulması və tezliklə əvvəlki vəziyyətinə qaytarılmasıdır.
“Bu proqram insan və institusional potensialın gücləndirilməsinə kömək edəcək, təhsil, ekspert rotasiyası və ehtiyacların qiymətləndirilməsi kimi sahələrdə Suriyanı dəstəkləməyə imkan verəcək”, – deyə o bildirib.
Türkiyə lideri əlavə edib ki, sanksiyalar Suriyanın iqtisadi inkişafı üçün ciddi maneədir, lakin ərəb və müsəlman ölkələrinin birgə səyləri ilə bu maneələr tədricən aradan qaldırılır. O, özəl sektoru Suriya bölgəsinə sərmayə qoymağa təşviq etdiklərini və region iqtisadiyyatları ilə inteqrasiyanın həm Suriyaya, həm də bölgəyə fayda verəcəyini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Türkiyə nəqliyyat və təhsildən təhlükəsizlik və ticarətə, səhiyyədən sosial xidmətlərə qədər müxtəlif sahələrdə Suriya xalqını dəstəkləməyə davam edəcək.
“Ölkənin siyasi birliyini və ərazi bütövlüyünü qorumaq, həmçinin İƏT və İslam dünyasını dəstəkləmək Suriyanın uzunmüddətli rifahı üçün vacibdir”, – deyə o əlavə edib.
Niyaz Hacıyev
Sfera.az






