Nüvə silahları qlobal siyasətin mərkəzinə qayıdır - Təhlükə böyükdür

Nüvə silahları qlobal siyasətin mərkəzinə qayıdır - Təhlükə böyükdür
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqlarının bərpası ilə bağlı son açıqlamaları beynəlxalq ictimaiyyətdə, xüsusilə də Rusiyada ciddi narahatlıq doğurub. Trampın bu bəyanatı nüvə silahlarının yenidən qlobal siyasətin mərkəzinə qayıtması ilə bağlı suallar yaradıb. Sınaqların sadəcə “texniki məqsədlə” keçirilməsi iddiasına baxmayaraq, bu addım beynəlxalq təhlükəsizlik balansını poza və yeni silahlanma yarışına təkan verə bilər. 


Mövzunu şərh edən politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirdi ki, Donald Trampın nüvə silahlarının sınaq mərhələsinə dair açıqlamaları, əslində ABŞ-nin texnoloji və strateji gücünün nümayişi kimi dəyərləndirilməlidir. 


Onun sözlərinə görə, bu, hərbi üstünlüyün təsdiqi və deterrens, yəni çəkindirmə mexanizminin işlək saxlanması məqsədi daşıyır. 


Politoloq qeyd etdi ki, Trampın mesajı açıqdır:


“ABŞ öz müdafiə qabiliyyətini daim yeniləməkdədir və bu sahədə heç bir ölkədən asılı deyil. Sınaqlar, ilk növbədə, nüvə arsenalının texniki səmərəliliyini, təhlükəsizlik səviyyəsini və operativ hazırlığını sınamaq üçündür”.

 

Müsahibimizin fikrincə, beynəlxalq miqyasda yaranan narahatlıq isə daha çox psixoloji xarakter daşıyır:


“Çünki ABŞ kimi bir gücün istənilən hərbi addımı qlobal balanslara təsir edir. Lakin bu addımı aqressiv niyyət kimi oxumaq düzgün deyil, burada söhbət strateji sabitliyi qorumaqdan gedir. Trampın yanaşması hərbi gücü nümayiş etdirməklə eyni zamanda potensial təhdidlərin qarşısını əvvəlcədən almağa yönəlib”.


T.İsmayılov dedi ki, ABŞ real siyasətdə nüvə silahını hücum aləti kimi deyil, məhz təhlükəsizlik təminatı kimi saxlayır:


“Bu, illərdir formalaşmış milli müdafiə doktrinasının dəyişməz prinsipidir. Trampın bəyanatı da bu doktrinanın davamıdır, yəni sınaq təkcə texnoloji yoxlama deyil, həm də geosiyasi xəbərdarlıqdır. ABŞ bu yolla göstərir ki, hər hansı potensial münaqişə vəziyyətində onun cavab gücü hələ də ən yüksək səviyyədədir. Nəticə etibarilə, bu addım nə təxribat, nə də riskin artırılmasıdır. Bu, sadəcə, gücün qorunması və sabitliyin təminatı üçün verilmiş planlı və düşünülmüş mesajdır”.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR