ABŞ digərlərindən geri qalmayacaq - Sınaqlar keçiriləcək

ABŞ Prezidenti Donald Tramp ölkəsinin yenidən nüvə sınaqları keçirəcəyini təsdiqləyib.
Sfera.az xəbər verir ki, o, bu barədə “CBS” telekanalına müsahibəsində bildirib.
Lakin o, bu sınaqların döyüş başlıqlarının partladılmasını nəzərdə tutub-tutmadığını dəqiqləşdirməkdən imtina edib.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlar nüvə silahlarının sınağına ehtiyac duyur:
“Onların necə işlədiyini görmək lazımdır”.
Prezident bildirib ki, Rusiya sınaqdan keçirəcəyini açıqlayıb, Şimali Koreya isə daim nüvə silahlarını sınaqdan keçirir.
“Mən istəmirəm ki, biz bu silahları sınaqdan keçirməyən yeganə ölkə olaq”, – deyə Tramp vurğulayıb.
Aparıcı prezidentdən bu bəyanatın ABŞ-nin 30 ildən sonra döyüş başlıqlarını yenidən partlatmağa başlayacağı anlamına gəlib-gəlmədiyini soruşub. Tramp isə cavabında deyib:
“Mən deyirəm ki, biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik”.
Jurnalistin Rusiyanın yalnız daşıyıcı raketləri sınaqdan keçirdiyini, nüvə başlıqlarını isə partlatmadığını xatırlatmasına cavab olaraq Tramp iddia edib ki, Rusiya əslində nüvə silahı sınaqları keçirir.
“Çin də onları sınayır, sadəcə sizin bundan xəbəriniz yoxdur”, – deyə o əlavə edib.
Qeyd edək ki, Donald Tramp nüvə sınaqlarının bərpası qərarını oktyabrın 29-da açıqlayıb. Lakin nə o, nə də ABŞ administrasiyasının digər rəsmiləri bu sınaqların partlayıcı xarakter daşıyıb-daşımayacağını dəqiqləşdirməyiblər.
Niyaz Hacıyev
Sfera.az






