Polşalı fermerlər bu tarixdə genişmiqyaslı etiraz aksiyası keçirəcəklər
Polşalı fermerlər ölkə boyu, hər bir kommunada etiraz aksiyası elan edərək, yolları bağlayacağı, bütün müəssisə və qurumların işini iflic edəcəkləri ilə hədələyirlər.
Sfera.az xəbər verir ki, Polşa fermerləri martın 20-də ümummilli etiraz aksiyası elan ediblər. Fermerlər Donald Tusk hökuməti ilə razılığa gələ bilməyib və genişmiqyaslı küçə etirazı elan ediblər.
“Saat 7.00-dan 19.00-a kimi bütün Polşa dayanacaq. Uşaqlar məktəbə, insanlar işə getməyəcək. Bizim başqa seçimimiz yoxdur. Təsərrüfatlarımız iflas astanasındadır. Biz mümkün hər şeyi etməliyik ki, hökumət bizimlə ciddi davranmağa başlasın. Narahatlığa görə üzr istəyirik"- fermer Stanislav Barna bu gün baş nazir Donald Tusk ilə görüşdə qeyd edib.
“Hökumət-fermerlər” formatında növbəti görüş martın 11-nə təyin edilib. Burada fermerlərdən 10-a yaxın nümayəndə iştirak edəcək. Bu müşavirədə fermerlərin anbarlarında qalan taxılın kompensasiya mexanizmi hazırlanmalıdır.
Fermerlərin nümayəndəsi Anjey Soboçinskinin jurnalistlərə verdiyi məlumata görə, baş nazir idxal olunan ərzaq məhsulları üçün sərhədi tamamilə bağlamağı planlaşdırmadığını, yalnız bazarı sabitləşdirmək üçün artıq taxılın ixracını təşkil edəcəyini bildirib.
Fermerlər isə bu variantla razı deyillər. Onlar hesab edirlər ki, açıq sərhədlə bu problemlər yenidən meydana çıxacaq.
Xatırladaq ki, martın 7-də Polşanın baş naziri Donald Tusk bildirib ki, polşalı fermerlərin Ukrayna ilə sərhədin tam blokadaya alınması və ya Avropa Yaşıl Sazişindən tamamilə imtina edilməsi tələbləri qəbuledilməzdir.
Aysel
Sfera.az