30 il axtarışda olan qadın terrorçu 65 yaşında ələ keçirildi

30 il axtarışda olan qadın terrorçu 65 yaşında ələ keçirildi

Almaniya polisi Qırmızı Ordu Fraksiyasının (RAF) üzvü Daniela Kletteni həbs edib.

 

Sfera.az xəbər verir ki, 65 yaşlı qadın 30 ildir axtarışda olub. O, ortaqları ilə birlikdə üç terror aktı törətməkdə ittiham olunur.

 

Kletteni Berlinin Kreuzberg rayonunda saxlanılıb. O, vertolyotla Bremenə aparılıb. Onun mənzilində tapança patronları və daraqlar aşkar edilsə də, heç bir silaha rast gəlinməyib.

 

Polis Klettenin tutulmasının terrorizmlə mübarizədə mühüm addım olduğunu bildirib. 

 

Qeyd edək ki, Daniela Klette üç terror aktında ittiham olunur. Xüsusilə, federal prokurorların məlumatına görə, müttəhim 1990-cı il fevralın 25-də RAF-ın digər üzvləri ilə birlikdə “Deutsche Bank”ın Eşborndakı inzibati binasında partlayış törətməyə cəhd edib. Terrorçular binanın yanında içərisində 45 kiloqram partlayıcı olan VW Golf avtomobilini saxlayıblar.


Həmin vaxt üç təhlükəsizlik əməkdaşının olduğu “Deutsche Bank AG” binasınıb girişindəki təhlükəsizlik otağı dağıdılması nəzərdə tutulub. Xoşbəxtlikdən, bombanın alışdırıcısı sıradan çıxıb.

 

1991-ci il fevralın 13-də Klette RAF üzvləri ilə birlikdə Bonndakı ABŞ səfirliyinə silahlı hücum həyata keçirib. Silahlılar binaya 250-dən çox atəş açıb. Ən azı on nəfərin olduğu otağa 65 güllə dəyib. Xoşbəxtlikdən bu dəfə də heç kim xəsarət almayıb.

 

Üçüncü terror aktının 1993-cü il martın 27-də baş verdiyi bildirilir. Klette və hələ də axtarışda olan Ernst Staub və Burkhard Garweg Hessendəki boş həbsxana binasına soxulublar. Onlar obyektin divarını aşıb və qarşıdurmada mühafizəçiləri məğlub edə biliblər. Daha sonra Klette binanın divarlarına partlayıcı qurğular yapışdırıb və sonra onu işə salıb. Terrorçular 123 milyon alman markası məbləğində ziyan vurublar.


RAF haqqında

 

Xatırladaq ki, RAF - Qırmızı Ordu Fraksiyası 1968-1998-ci illərdə Almaniya və Qərbi Berlində fəaliyyət göstərən alman solçu terror təşkilatıdır. Qrup 34 qətl, bir sıra bank soyğunu, hərbi və mülki obyektlərin bombalanmasına görə məsuliyyət daşıyır.


OXŞAR XƏBƏRLƏR