Çin ABŞ-ın 600 milyard dollarını necə ələ keçirib?
“Qərb ölkələrinin əsas diqqəti Ukraynaya yönəlsə də, Çin kəşfiyyatı ilə mübarizəyə də böyük resurslar cəlb olunub”.
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, “Financial Times” nəşrinin yazdığına görə, Çin kəşfiyyatı çalışmalarında qadınlardan da istifadə etməyə başlayıb:
“Bu, keçmiş SSRİ və Rusiya kəşfiyyatının istifadə etdiyi üsullardandır. Bir neçə il əvvəl Fransa kəşfiyyatının Çin səfirliyindəki təmsilçisi səfirin çinli xanım tərçüməçisinin tələsinə düşüb. Çinli xanım məxfi məlumatlara yiyələnə bilib. Fransanın başqa bir keçmiş xəfiyyəsi də Çinə məlumat ötürərkən yaxalanıb. Çin xəfiyyə işinə minlərlə insanı və milyardlarla dolları cəlb edib. Ona görə hər hansı kəşfiyyatçının və xəfiyyənin həbsi Pekini narahat etmir. Həbs olunanların yeri boş qalmır. Çində 2017-ci ildə qəbul olunan qanuna görə, “bütün vətəndaşlar və təşkilatlar” milli kəşfiyyat xidmətinə kömək və əməkdaşlıq etməyə borcludurlar. Əgər rus kəşfiyyatçıları və xəfiyyələri başqa dövlətlərin hərbi sirlərini öyrənməyə çalışırlarsa, çinli kəşfiyyatçılar və xəfiyyələr kommersiya və texnoloji sirlərin öyrənilməsinə üstünlük verirlər”.
Ekspertin sözlərinə görə, Çin Rusiyadan fərqli olaraq dünyanın ən böyük iqtisadiyyatına malik ölkəsi olmağı qarşısına məqsəd qoyub, lakin Rusiyanın belə bir hədəfi yoxdur:
“Əksinə, Ukraynaya qarşı işğalçı müharibə Rusiya iqtisadiyyatını geri atmaqda davam edir. Amerikalı keçmiş kəşfiyyat zabitinin Rusiya və Çin kəşfiyyatı arasında fərqi bir misalda göstərib: “Tutaq ki, Rusiya və Çin düşmən saydıqları ölkədən qum nümunəsi gətirməlidirlər. Rusiya bu məqsədlə az heyəti olan sualtı gəmi göndərəcək və onlar qumu vedrələrə dolduracaqlar. Çin isə minlərlə üzgüçünü göndərəcək və kifayət qədər quma sahib olacaq”. Təsadüfi deyil ki, bəzi qiymətləndirmələrə görə Çin il ərzində ABŞ-dan il ərzində 600 milyard dollar həcmində sənaye və ticarət sirləri oğurlamağa müvəffəq olub. Nəhəng “Microsoft” şirkəti də çinli xəfiyyələrin qurbanı olub, 2021-c ildə sirləri oğurlanıb”.
Günay Rəsulqızı