Səfirliklərin şəxsi məlumatları küçədə tapıldı - Tbilisidə SKANDAL

Paytaxt Tbilisinin Mickeviçi küçəsində Gürcüstanda fəaliyyət göstərən xarici ölkə diplomatik missiya nümayəndəliklərinin və müşahidəçi missiya üzvlərinin və onların ailələrinin şəxsi məlumatlarını əks etdirən məlumatlar tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Məlumatda bildirlir ki, sözügedən küçədə belə bir hadisənin baş verməsi barədə kanala yerli sakinlər məlumat verib.
Həmçinin parlamentin üzvü, Levan Xabeişvili də hadisə yerinə gəlib. O bildirib ki, sənədlərdə Gürcüstanda fəaliyyət göstərən BMT və Avropa İttifaqının müşahidəçi missiyalarında fəaliyyət göstərən şəxslərin, bir sıra Avropa və Asiya ölkələrinin səfirlik əməkdaşalrının, onların ailə üzvlərinin və uşaqlarının bank hesabları və digər şəxsi bilgiləri əksini tapıb.
Hadisə yerində həmçinin özünü kompaniyanın buğalteri olaraq təqdim edən şəxs bildirib ki, sözügedən sənədlər diplomatların əlavə dəyər vergisindən azad edilmələri üçün istifadə edilib. Onun sözlərinə görə, sənədlər yerə atılmış vəziyyətdə olmayıb və bağlı qutular şəklində kompaniyanın ofisinin qarşısında olub və o, səndləri təhvil vermək üçün avtomobili əraziyə gətirməyə çalışıb.
Levan Xabeişvili isə belə bir addımı yolverilməz adlandıraraq, məsələnin mütləq araşdırılmalı olduğunu bildirib.
"Mtavari Arxi" telekanalında yayımlanan süjetə əsasən, səndlər arasında müşahidəçi missiyalarından başqa Böyük Britaniya, İsveçrə, Ukrayna, İran, Türkiyə, Çin və digər ölkə nümayəndəliklərinin məlumatları da olub.
Qeyd edək ki, Mickeviçi küçəsinə hadisə ilə bağlı polis çağırılıb və araşdırmalar aparılır.






