Daxili Qoşunlar dövriyyəyə girdi - Xüsusi karantin rejimi GÜCLƏNDİRİLİR
Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gündən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.