Deputat Dəmirəlin ölümündən danışdı

Deputat Dəmirəlin ölümündən danışdı

"Dəmirəl dünyasını dəyişdi. Faydası ilə, zərəri ilə layiq olduğu qiyməti Yaradan və Türk milləti verəcək".

Bu sözləri millət vəkili Fazil Mustafa "Facebook" səhifəsində yazıb.

Millət vəkilinin statusunu olduğu kimi təqdim edirik:

"Süleyman Dəmirəl heç şübhəsiz ki, Türkiyə siyasət həyatının ən populyar və boz simasıydı. Dəmirəl Demokrat partiyası varisliyinə iddia edirdi, ancaq Menderes dəyərlərindən çox uzaqdı. Konkret hansısa faydasından danışmaq çətindir. Məsələn, Türqut Özal qədər yenilikçi deyildi, Ecevit qədər Kipr risqinin daşıyıcısı sayılmırdı, Türkeş və Ərbakan qədər ideologiya tutucusu deyildi. Kimsə ondan səmimiyyət gözləmirdi, hər kəs hiyləgər obrazda görürdü. O Demokrat partiyasının varis lideri kimi demokrat olaraq tanınmırdı, Ədalət Partiyasının lideri olaraq ədalət mücəssiməsi deyildi, ona Doğru Yol partiyasının lideri olaraq doğru yolun adamı kimi baxılmırdı. Onun siyasi şəxsiyyəti müəmmalı çözümsüzlüklə dolu idi. Adətən Türkiyə mühitində xarakterini tam çözə bilmədikləri şəxsiyyətləri "mason" adlandırmaq dəbi var və bu adı Dəmirələ rahatlıqla yapışdıra bilirdilər. Böyük türk şairi Nəcib Fazil hətta "sən mənim şeirimin bir vergülüsün" deyib təhqir də edirdi. Siyasətin və siyasətçinin bizdə və Türkiyədə fərqləri böyük olduğuna görə, bəlkə də Dəmirəl obrazının tanıtımında natamamlıqlar ola bilər. Bizdə siyasət daha çox vəzifədir, Türkiyədə isə peşədir. Hər seçkidə meydandan, sandıqdan keçib gəlməlisən və peşəkarlığını isbatlamalısan. Dəmirəl siyasətə ehkamlar gətirmədi, prinsiplər də yerləşdirmədi, sadəcə fərqli bir üslub gətirdi. Türkiyə siyasətində xüsusi olaraq yadda qalan faydalı Dəmirəl icraatı yoxdur. Ancaq Dəmirəl üslubu var. Hətta Dəmirəlin şapkası da bu üslubun bir atributu kimi qəbul olunurdu. "Dün dündür, bu gün bu gündür!", "Yürüməklə yollar aşılmaz!" praqmatik ifadələr həmin məşhur üslubun yumoristik qalıntılarındandır. Dəmirəl ən ağır situasiyanı soyuqaqanlı şəkildə sükunət məcrasına yönləndirə bilirdi. Əsasən günün siyasətindən özünü cavabdeh hesab edirdi, ona görə də strateji hədəfləri sevməzdi. Dəmirəldə uzaqməsafəli hakimiyyətdə qalma düşüncəsi vardı, ancaq uzaqməsafəli siyasət planı hazırlamağı sevməzdi. Dəmirəldə heç vaxt risq yoxdur və siyasi talecə oxşamasa da, xaraktercə 18-ci əsr Fransız inqilabının məşhur personajlarından olan Siyersi xatırladırdı. Dəmirəl baş nazir olanda da, prezident olanda da özünə müdafiə çəmbərini qurmağı ustalıqla bacarırdı. O bürokratiyanın da, kütlənin də nəbzinin necə döyündüyünü intuitiv olaraq bilirdi, kiminlə hansı məsafədə münasibət quracağını bacarırdı. Və hər bir situasiya üçün bəzən bəsit görünən hazır reseptə malikdi. Bütün bunlardan sonra, Dəmirəlin Azərbaycanda tanınan və tanıdılan obrazında yanlış mühakiməyə diqqət çəkmək istədim. Dəmirəl Kəlbəcərə helikopter vermədi, mərhum Elçibəyin devrilməsinə dəstək verdi, Ermənistana taxıl göndərdi və sairə. Dəmirəl həm daxili siyasətdə, həm də xarici siyasətdə öz siyasi xarakterinə və üslubuna uyğun davrandığına görə, bu cür yarlıqlar bir o qədər də ciddi səslənmir. Dəmirələ romantizm yad idi, dövlət maraqlarının çərçivəsindən kənara çıxmağı düşünməzdi, Azərbaycana da Türkiyə üçün Rusiya ilə, İranla problem yaratmayacaq bir sabit ölkə kimi baxırdı, Elçibəyin risqli xarici siyasətini qəbul etmədiyi də bu səbəbdən idi. Digər tərəfdən Elçibəyin Turqut Özal və MHP referanslı siyasi davranışları Dəmirəlin iç siyasətdə işinə yaramırdı və bundan məmnun deyildi. Heydər Əliyevə də Rusiya ilə tarazlığı qura biləcək, iç sabitliyi təmin edə biləcək daha praqmatik siyasətçi kimi baxırdı və dəstəkləyirdi.

İndi Dəmirəl dünyasını dəyişdi. Faydası ilə, zərəri ilə layiq olduğu qiyməti Yaradan və Türk milləti verəcək. Bizə də Türkiyənin bu məşhur dövlət adamına Allahdan rəhmət diləmək düşür".


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ!

Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Bu barədə Sfera.az-a M...

Azərbaycanda baş verən zəlzələ anı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün saat 12:10-da Laçın rayonunda 4.5 maqnitudalı zəlzələ baş verib.   Laçında 4 baladək hiss olunan yeraltı təka...

Yeni virusa yoluxanların sayı sürətlə ARTIR - Bu şəxslər diqqətli olsun!

  ABŞ-də “Listeria” bakteriyasına yoluxma halları artıb.   Sfera.az bildirir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını...

Prezidentdən hərbi xidmətlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hər...

İlham Əliyev bu şəxsləri TƏLTİF ETDİ - SƏRƏNCAM

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup şəxs təltif edilib.   Sfera.az xəbər verir ki, bu bar...

Nazirlər Kabineti nümayəndəlik xərcləri barədə QƏRAR VERDİ

Nazirlər Kabineti “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan iş...