Logo

Azərbaycanda dərsliklər necə seçilir?

Azərbaycanda dərsliklər necə seçilir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyevin “Qafqazinfo”ya müsahibəsini təqdim edir

- Dərsliklərin hazırlanması prosesi necə təşkil olunur?

- Ümumtəhsil məktəb dərslikləri təsdiq olunmuş fənn kurikulumları (təhsil proqramları) əsasında hazırlanır. Dərsliklər üçün müəlliflərin seçimi və çap prosesi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Təhsil Nazirliyi dərsliklərin hazırlanması üzrə tender elan edir. Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) tenderə nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən təqdim olunmuş dərslik maketlərinin ekspertizasını aparır və müsabiqənin yekununda qalib nəşriyyatları müəyyənləşdirir. Təhsil Nazirliyi bu prosesin təşkilini əlaqələndirir və DQŞ-nin yekun qərarının rəsmiləşdirilməsini təmin edir

- Dərsliklərin çapaqədərki qiymətləndirilməsində hansı qurumlar iştirak edir?

- Dərsliklərin çapaqədərki qiymətləndirilməsi 3 müstəqil qurum - ölkənin aparıcı mütəxəssislərindən təşkil olunmuş DQŞ, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və müəllim hazırlığı ilə məşğul olan ali məktəblər tərəfindən aparılır.

- Müsabiqədə qalib sayılan dərsliklər hansı prosedur qaydada seçilir?

- Hər bir dərsliyin nəşriyyat tərəfindən müsabiqə komissiyasına təqdim olunmuş maketi müəyyən kod altında yuxarıda adı çəkilən qurumlara qiymətləndirməyə verilir. Nəticədə alınan rəylərdəki qiymətlər hər bir dərslik üzrə ümumiləşdirilir. 3 qurumun verdiyi qiymət əsasında ədədi orta qiymət müəyyənləşdirilir, yekunda ən yüksək bal toplayan dərslik maketi qalib elan olunur.

- Son günlər mediada 8-ci sinif “Azərbaycan dili” dərsliyində verilmiş mətndə məhəlli sözlərlə bağlı məsələ geniş müzakirə olunur. Bununla bağlı TQDK-nın rəyində hər hansı irad bildirilibmi?

- Bu mətnlə bağlı nəinki TQDK-nın, hətta digər qurumların da rəylərində heç bir irad və təklif qeyd olunmamışdır. TQDK-nın və digər qurumların qalib elan olunmuş dərsliklərlə bağlı verdiyi yekun rəylərdə göstərilən qeydlər təkmilləşdirmə məqsədilə həmin dərsliyi hazırlayan nəşriyyata təqdim olunmuş, irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınmışdır.

- Dərslik maketlərini qiymətləndirən qurumların verdiyi rəy və təkliflər 8-ci sinif “Azərbaycan dili” dərsliyində necə nəzərə alınıb?

- Müsabiqədə qalib elan olunmuş bütün dərsliklərdə olduğu kimi, 8-ci sinif “Azərbaycan dili” dərsliyi də çoxsaylı mütəxəssislərin verdiyi rəylər əsasında yenidən işləndikdən sonra nazirlik tərəfindən onun nəşrinə razılıq verilmişdir. Bütün rəylərdə göstərilən irad və təkliflərin böyük əksəriyyəti müəlliflər və nəşriyyatlar tərəfindən nəzərə alınır. Lakin bu yanaşma müəllif hüququnun pozulması anlamına gəlməməlidir.

- Dərslik siyasəti sahəsində hansı yeniliklər gözlənilir?

- Son 2 ildə Təhsil Nazirliyinin keyfiyyətli dərsliklərin hazırlanması məqsədilə atdığı addımlardan biri dərsliklərin çapaqədərki qiymətləndirilməsinə DQŞ ilə yanaşı, digər qurumların da cəlb olunmasıdır. Dərslik hazırlığının mövcud Qaydası ilə yanaşı, “ehtiyat” dərsliklərin sifariş yolu ilə hazırlığına razılıq verilməsinə dair təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilib. Dərslik hazırlığı ilə bağlı yeni Qaydaların təsdiqi bu sahədəki bir çox problemlərin həllinə kömək edəcək, peşəkar müəlliflərin və bu sahədə ixtisaslaşmış ali məktəb kafedralarının bu işə daha fəal qoşulmasına şərait yaradacaqdır.

- Dərsliklərdə cəmiyyəti düşündürən bu və ya digər problemlərə bağlı nazirliyin mövqeyi necədir?

- Nazirlik dərsliklərin məzmununda müşahidə edilən çatışmazlıqlara dair bütün problemlərlə bağlı indiyədək olduğu kimi, bundan sonra da müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə ictimai və elmi-metodik müzakirələrin keçirilməsinə hazırdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR