Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub
“Unibank” KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən forum regionun ən iri maliyyə və bankçılıq tədbirlərindən biridir.
Forum Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə təşkil olunub. Bu il onuncu dəfə keçirilən IBF yerli və beynəlxalq maliyyə sektorunun aparıcı nümayəndələrini bir araya gətirib. Forumda bankçılığın gələcəyi, süni intellektin maliyyə xidmətlərində tətbiqi, açıq bankçılıq, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq, dələduzluq risklərinin idarə olunması
və inklüziv maliyyə kimi mövzular müzakirə edilib.
“Unibank” forumda təkcə tərəfdaş kimi deyil, müzakirələrin fəal iştirakçısı kimi də təmsil olunub. Bankın İdarə Heyətinin üzvü, Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçı İlkin Quliyev və Daxili audit departamentinin direktoru Nərgiz Əliyeva forumun panel
sessiyalarında spiker kimi çıxış edərək, rəqəmsal transformasiya, müştəri təcrübəsi, risklərin və kibertəhlükəsizliyin idarə olunması kimi mövzularda bankın yanaşmasını və təcrübəsini bölüşüblər. Çıxışlarda bank xidmətlərinin daha əlçatan, təhlükəsiz və müştəriyönümlü olması üçün görülən işlərə, eləcə də sektorun qarşısında duran yeni çağırışlara xüsusi diqqət ayrılıb.
“Unibank” bank sektorunun inkişafına, yeni texnologiyaların tətbiqinə və peşəkar təcrübə mübadiləsinə xidmət edən platformalarda iştirakı vacib hesab edir. Bank bu cür təşəbbüslərdə fəal iştirakını gələcəkdə də davam etdirəcək.






