Bütün bank hesabları bir tətbiqdə olacaq – Pulumuz təhlükə altındadırmı?
Azərbaycanda açıq bankçılıq sisteminin imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə vətəndaşlar müxtəlif banklardakı hesablarını vahid mobil tətbiq üzərindən idarə etməklə yanaşı, həmin hesablar vasitəsilə pul köçürmələri də həyata keçirə biləcəklər.
Hazırda açıq bankçılıq sisteminə 20 kommersiya bankı, 5 elektron pul təşkilatı və 1 poçt operatoru qoşulub.
Bəs müxtəlif bank hesablarının vahid tətbiqdən idarə olunması kiberdələduzluq riskini artıra bilərmi? Vətəndaşların bank hesablarındakı vəsaitlər necə qorunacaq?
İqtisadçı Günay Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, yeni nəzərdə tutulan mexanizmə əsasən, əməliyyatları vahid hesab üzərindən icra etmək mümkün olacaq:

"Artıq bu sistem illərdir Türkiyədə tətbiq olunur. Belə ki, həm ölkə vətəndaşları, həm də ölkə ərazisində rəsmi yaşayış icazəsi və bank hesabı olan şəxslər bu xidmətdən yararlana bilirlər. Sistemin tətbiqi həm zaman baxımından, həm də lazımi məlumatları bir hesabda görmək baxımından üstünlüklərə malikdir. Ölkəmizdə yeni tətbiq olunacaq sistemin əhatə dairəsi, hansı funksiyaları icra edəcəyi kimi məsələlər rəsmi şəkildə açıqlanmadığı üçün bu barədə danışmağın hələ tez olduğunu düşünürəm”.
İqtisadçı Türkiyə təcrübəsindən də danışıb:
“Türkiyədə vətəndaşlar daha çox debet kartı əvəzinə taksit kartı ilə ödəniş etməyə üstünlük verirlər. Taksit kartının ödəniş tarixlərini vətəndaş özü təyin edir. Məsələn, son ödəniş tarixi ayın 7-17-si aralığında ola bilər. Özəl sektorda əməkhaqqının verilmə tarixləri fərqli olduğundan və istifadəçinin faiz, cərimə ödəməməsi üçün banklar ödəniş tarixinin seçimini istifadəçinin öhdəsinə buraxırlar. Hətta istifadəçilərin əksəriyyətinin bir neçə bank kartı ola bilər. Vahid hesab üzərindən son ödəniş gününü, məbləğin minimum ödənilməli hissəsini belə görmək mümkün olur”. “Həmin kartların illik xidmət haqqı ya sıfır olur, ya istifadəçinin illik xərcinin müəyyən hissəsini, ya da cüzi məbləği təşkil edir. Məsələn, vacib olan hər hansı ödənişi etməzdən əvvəl vətəndaş vahid hesab vasitəsilə taksit kartının ödəniş gününü nəzərə alaraq əməliyyatı asanlıqla icra edə bilir. Vətəndaş Azərbaycandakı “myGov” sisteminə bənzər “e-Devlet” sistemi vasitəsilə bütün bank hesablarına dair məlumatları əldə edə bilir”, –deyə iqtisadçı vurğulayıb.
Şahanə Ziyad
Sfera.az






