EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı – Xəstə yaxınlarından ŞİKAYƏT
“EGE Hospital”da əməliyyat üçün ödənilən vəsaitin tibbi prosedur tamamlanmadığı halda geri qaytarılmadığı iddia olunur.
Sfera.az-ın redaksiyasına müraciət edən xəstə Maya Qasımovanın yaxınları xəstəxananın xidmətindən narazı olduqlarını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, oktyabrın 2-də M.Qasımova sözügedən xəstəxanaya yerləşdirilib. Xəstəyə diaqnoz qoyulduqdan sonra elektrofizioloji müayinə (EFM) və ablasiya prosedurunun həyata keçirilməsi üçün 6500 manat ödəniş tələb olunub. Ödəniş edildikdən sonra həmin gün saat 20:20-də əməliyyata başlanılıb. Lakin təxminən saat yarım sonra həkim Ramil Hacıyev damarın zədələnməsi ehtimalını əsas gətirərək proseduru dayandırıb və xəstəni KT müayinəsinə yönləndirib.
Xəstə yaxınlarının iddiasına görə, müayinə zamanı damarın zədələnmədiyi müəyyən edilsə də, əməliyyat davam etdirilməyib. Həkim buna səbəb kimi xəstənin ürəyinin zəif olmasını və damarlarının prosedur üçün uyğun olmamasını göstərib. Şikayətçilər əməliyyat tamamlanmadan xəstənin xəstəxanadan çıxarıldığını, ödənilən 6500 manatın isə geri qaytarılmadığını bildiriblər.
Məsələ ilə bağlı danışan həkim Ramil Hacıyev ödəniş məsələsinə xəstəxana rəhbərliyinin aydınlıq gətirməli olduğunu bildirib. Səsləndirilən iddialara aydınlıq gətirmək üçün “EGE Hospital”ın Müşahidə Şurasının sədri Barat Yusubovla əlaqə saxladıq.
B.Yusubov Sfera.az-a açıqlamasında iddiaları təkzib edib:

“Məsələdən xəbərim var. Yazılanlar həqiqəti əks etdirmir. Xəstəyə əvvəlcədən planlaşdırılan əməliyyat və onun nəticələri barədə bütün məlumatlar verilib. Xəstə buna yazılı şəkildə razılıq verib”.
Xəstə yaxınları isə xəstəxana rəhbərliyinin açıqlamasına münasibət bildirərək qeyd ediblər ki, imzalanmış razılıq sənədi əməliyyat zamanı yarana biləcək tibbi risklər və mümkün fəsadlarla bağlıdır. Onların sözlərinə görə, həmin sənəd xəstənin prosedurun riskləri barədə məlumatlandırıldığını və bu riskləri qəbul etdiyini təsdiqləyir. Lakin bu, nəzərdə tutulan tibbi xidmət göstərilmədiyi halda ödənilmiş vəsaitin geri qaytarılmamasına əsas vermir. Şikayətçilər bildirirlər ki, tələb olunan 6500 manatın təxminən 6000 manatı məhz ürəyə stent qoyulması və bununla bağlı tibbi prosedurun icrası üçün nəzərdə tutulub. Lakin qeyd olunan prosedur həyata keçirilməyib, stent qoyulmayıb.
Həkim xəstənin sağlamlıq vəziyyətini qiymətləndirərək əməliyyatı davam etdirməyin mümkün olmadığını bildirib və prosedur dayandırılıb. Xəstə yaxınlarının fikrincə, tibbi müdaxilənin riskləri ilə bağlı əvvəlcədən razılığın alınması ilə faktiki olaraq göstərilməmiş xidmətə görə ödənilmiş vəsaitin saxlanılması fərqli məsələlərdir.
Onlar hesab edirlər ki, əməliyyatın aparılmaması tibbi baxımdan əsaslandırılsa belə, bu hal göstərilməmiş xidmətə görə ödənilən məbləğin geri qaytarılmamasına hüquqi əsas yaratmır.
Bu səbəbdən də xəstəxananın vəsaiti geri qaytarmaqdan imtinasını qanunvericiliyin tələblərinə zidd hesab edirlər. Beləliklə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılığı yaranıb. Xəstə yaxınları ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir, xəstəxana rəhbərliyi isə səsləndirilən iddiaları qəbul etmir.
Qeyd edək ki, xəstəxana rəhbərliyinin istinad etdiyi və xəstənin əməliyyatla bağlı bütün risklər barədə əvvəlcədən məlumatlandırılaraq yazılı razılıq verdiyini təsdiqlədiyi bildirilən müqavilənin surətini əldə etmək üçün “EGE Hospital”a müraciət etsək də, material dərc olunanadək həmin sənəd redaksiyamıza təqdim edilməyib.
Xəstə yaxınları da iddia olunan müqavilənin onlara təqdim edilmədiyini bildirirlər. Beləliklə, xəstəxana rəhbərliyinin açıqlamasında istinad etdiyi sənədin məzmunu və şərtləri ilə bağlı məsələyə aydınlıq gətirmək hələlik mümkün olmayıb.
Şahanə Ziyad
Sfera.az






