Logo

9 ayda 500 itki: Yollarda günahkar kimdir?

9 ayda 500 itki: Yollarda günahkar kimdir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzalar nəticəsində 500 nəfər həyatını itirib, 640 nəfər yaralanıb. Hadisələrin 82,9 faizinin yaşayış məntəqələrində baş verməsi şəhərdaxili yollarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Statistikaya görə, qəzaların 34 faizi isə şənbə və bazar günlərinə təsadüf edib.

Bəs qəzaların böyük hissəsinin yaşayış məntəqələrində baş verməsinin səbəbi nədir? Şəhərdaxili yollarda ölüm hallarını azaltmaq üçün hansı dəyişikliklərə ehtiyac var?

Bununla bağlı nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlama verib və bildirib ki, yol təhlükəsizliyini yalnız qəzaların sayının azalması ilə qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, yaşayış məntəqələrində avtomobillərin, piyadaların, velosipedçilərin və digər hərəkət iştirakçılarının eyni yol məkanından istifadə etməsi qəza riskini artırır:

9 ayda 500 itki: Yollarda günahkar kimdir?

“Hadisələrin çoxluğunu yalnız sürücülərin məsuliyyətsizliyi ilə əlaqələndirmək olmaz. Burada həm insan amili, həm yol infrastrukturu, həm nəzarət mexanizmləri, həm də ümumi nəqliyyat mədəniyyəti birlikdə qiymətləndirilməlidir. Sürücülər qanunla müəyyən edilmiş maksimal sürət həddini hər şəraitdə təhlükəsiz hərəkət göstəricisi kimi qəbul etməməlidirlər. Xüsusilə məktəblərin, uşaq bağçalarının və insanların sıx olduğu ərazilərdə sürət daha da azaldılmalıdır”.

Ekspert piyada keçidlərindəki problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmır, piyadaları gözləməyə məcbur edirlər:

“Piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi və telefonla məşğul olması da təhlükə yaradır. Biz yol təhlükəsizliyinə elə yanaşmalıyıq ki, bir insanın səhvi mütləq onun ölümü ilə nəticələnməsin. Müasir yol təhlükəsizliyi yanaşmasının əsas prinsiplərindən biri də budur. Məktəb və uşaq bağçalarının ətrafında saatda 30 kilometr sürət rejiminin tətbiqi daha geniş nəzərdən keçirilməlidir. Eyni zamanda, piyada keçidləri insanların real hərəkət marşrutlarına uyğun yerləşdirilməli, təhlükəsizlik adacıqları yaradılmalı, yol işıqlandırması və parklanma qaydalarına nəzarət gücləndirilməlidir”.

Qəzaların 34 faizinin şənbə və bazar günlərində baş verməsinə münasibət bildirən Adil Nəbiyev istirahət günlərində hərəkət intensivliyinin, sürücülərin yorğunluğunun və diqqətsizliyinin risk yarada biləcəyini deyib. Bununla belə, konkret səbəblərin müəyyənləşdirilməsi üçün hadisələrin başvermə vaxtı və şəraitinin ayrıca araşdırılmasının vacibliyini vurğulayıb.

“Ağır qəzaların qeydə alındığı ərazilər də sistemli şəkildə araşdırılmalıdır. Eyni yol sahəsində təkrar hadisələrin baş verməsi infrastrukturla bağlı problemin göstəricisi ola bilər. Buna görə də qəza ocaqları müəyyənləşdirilməli və həmin ərazilərdə mühəndis-texniki tədbirlər görülməlidir. O cümlədən, sürücülərə yalnız avtomobil idarə etmək deyil, təhlükəni əvvəlcədən qiymətləndirmək, fövqəladə vəziyyətlərdə düzgün qərar vermək və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq bacarıqları da aşılanmalıdır. Çünki 20 il sükan arxasında olmaqla 20 il düzgün və təhlükəsiz avtomobil idarə etmək eyni anlayış deyil”, – o bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR