Sosioloq: "Qadınlar bloqerlərin təsiri məruz qalmamalıdır"
Son dövrlərdə bəzi qadınların sosial şəbəkələrdə canlı yayım açdıqlarına, açıq profil işlətdiklərinə və şəxsi həyatlarını paylaşdıqlarına görə ataları, qardaşları və ya həyat yoldaşları tərəfindən qətlə yetirilməsi halları gündəmə gəlir.
Bəzi hallarda qadınların sosial şəbəkələrdə aktivliyi ailədaxili münaqişələrə və zorakılığa bəhanə kimi göstərilir.
Bəs qadınların sosial şəbəkələrdən sərbəst istifadəsinin cəmiyyətdə normal qarşılanması üçün nə qədər zaman lazımdır? İllər keçdikcə bu məsələyə münasibət dəyişəcək və ictimai qınaq aradan qalxacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, qadınların sosial şəbəkələrdəki fəaliyyətlərinə görə qətlə yetirilməsi yolverilməzdir:

“Sosial şəbəkələrdə canlı yayım açdıqlarına, açıq profil işlətdiklərinə və ya şəxsi həyatlarını paylaşdıqlarına görə qadınların ataları, qardaşları və ya həyat yoldaşları tərəfindən qətlə yetirilməsi xoşagəlməz hadisədir. Ancaq hesab edirəm ki, qadınlar da sosial şəbəkələrdə neqativ çağırışların, influenser və bloqerlərin təsirinə məruz qalmamalı, sarı və qeyri-etik paylaşımlara tənqidi yanaşmalıdırlar. Bu, təkcə onlara qarşı yaxınları tərəfindən hansısa təhdidin yaranması ehtimalına görə deyil. Ümumiyyətlə, qadınlar fərqində olmalıdırlar ki, bu cür sarı paylaşımlar heç də parlaq həyatın göstəricisi deyil və belə paylaşımların təsirinə düşməməlidirlər”.
Sosioloq vurğulayıb ki, qadınların sosial şəbəkələrdəki paylaşımlarına görə şantaj edilməsi və ya qətlə yetirilməsi hüquqi məsuliyyət yaradır:
“Etdikləri paylaşımlara görə qadınların hansısa şəxs tərəfindən şantaj olunması və ya qətlə yetirilməsi hüquqa zidd davranışdır və əlbəttə, hüquqi məsuliyyət yaradır. Sadəcə, insanlarda tənqidi təfəkkürü formalaşdırmaq lazımdır ki, sosial şəbəkələr onlar üçün boz zona təsiri bağışlamasın. İnsanlar anlamalıdırlar ki, sosial şəbəkələrdən neqativ və sarı paylaşımların yayılması və tirajlanması üçün deyil, praqmatik məqsədlər üçün istifadə etmək olar”.
Xatırladaq ki, noyabrın 16-da Bakının Binəqədi rayonunda 23 yaşlı rəssam Gülarə Mehdiyeva qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən ögey qardaşı saxlanılıb. Mətbuatda yayılan ilkin məlumatlara görə, bacı-qardaş arasında münaqişəyə gənc qadının sosial şəbəkədəki paylaşımları səbəb olub. Faktla bağlı araşdırma davam edir.
Şahanə Ziyad
Sfera.az






