Bakıda məşhur xəstəxana sökülür - VİDEO
Bakıda uzun illər Dəmiryol Xəstəxanası kimi tanınan Mərkəzi Dəmiryol Xəstəxanasının ərazisində söküntü işləri aparılır.
Sfera.az bu barədə "ATV Xəbər"ə istinadən xəbər verir.
Məlumata görə, tibb müəssisəsinin yerində yaşayış binasının tikiləcəyi ilə bağlı iddialar yayılıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Nazirlər Kabinetinin 2024-cü il 21 avqust tarixli qərarına əsasən, dəmir yollarının tabeliyində fəaliyyət göstərən tibb müəssisələri və onlara məxsus əmlak artıq qurumun balansında deyil.
Qeyd olunub ki, Mərkəzi Dəmiryol Xəstəxanası başqa dövlət qurumunun balansına verilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov isə bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, xəstəxana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilib.
Onun sözlərinə görə, xəstəxananın ərazisində nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub.
Qurumdan əlavə edilib ki, yeni infrastrukturun yaradılması və xidmətlərin təşkili ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.
Ətraflı videomaterialda:






