Polad Həşimovun adı orta məktəbdə əbədiləşdirildi - FOTO
Bakı şəhəri 109 nömrəli tam orta məktəbin 2A sinfinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.
Sfera.az xəbər verir ki, bunu Polad Həşimovun xanımı Ofeliya Salmanova bildirib.
O, məktəbin direktoru Gülnarə Bədəlovaya, sinif müəllimi Yasəmən Kərimovaya və sinfin bütün şagirdlərinə təşəkkür edib.
"Bu övladlar çox xoşbəxtdirlər ki, qəhrəmanlıq hekayələri ilə zəngin bir vətəndə, qəhrəmanlarımızın yaşatdığı şərəf və qürur tarixinin içində böyüyürlər.
İnanırıq ki, hər dəfə Polad Həşimov adına sinfin qapısından içəri daxil olan şagirdlər yalnız bir sinif otağına deyil, eyni zamanda bir qəhrəmanın mənəvi dünyasına da daxil olacaqlar. Onun həyat yolundan, vətən sevgisindən, cəsarətindən və fədakarlığından güc alacaqlar.
Qoy Polad Həşimovun timsalında hər bir şəhidin adı, qəhrəmanlığı və vətən sevgisi xalqımızın qəlbində daim yaşasın", - Ofeliya Salmanova deyib.

Polad Həşimov 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.
P.Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və sonra ordu sıralarında xidmətə başlayıb.
2003-cü ildə mayor rütbəsində olarkən Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant rütbəsi ilə Prezident İlham Əliyevin Sərəncamı əsasında “Vətən uğrunda” medalı ilə təltif olunub.
2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Polad Həşimov Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.
Şəhid general həmin il iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və silahdaşlarının şəhid olmağı xalqımızın Qarabağ ətrafında birləşməsinə səbəb oldu. Generalımız şəhid olduğu gün bütün Azərbaycan ayağa qalxdı. Bakıda keçirilən izdihamlı mitinqə qatılan hər kəs müharibə çağırışları səsləndirərək 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımızın azadlığı üçün döyüşə hazır olduğunu bəyan etdi.
Çox keçmədən - sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabrda zəfərlə başa çatdı./modern.az






