Logo

Siyavuş Novruzov: “Ölkəmizə belə şəxslərin gəlməsinə ehiyac yoxdur”

Siyavuş Novruzov: “Ölkəmizə belə şəxslərin gəlməsinə ehiyac yoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlarla yanaşı, ölkəyə gələn şəxslərin yoxlanılması və onların fəaliyyətinə nəzarət mexanizmlərinin də gücləndirilməsi vacibdir. Xüsusilə müxtəlif adlar altında ölkəyə gələn və əslində antidövlət fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı diqqətli olmaq lazımdır”.

Sfera.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara bəzi sahələrdə işləmək imkanı yaradır. Onun sözlərinə görə, miqrasiya sahəsində böyük uğurlar əldə olunub, hazırda islahatlar aparılır və yeniliklər dünya standartlarına uyğunlaşdırılır:

“Miqrasiya hazırda dünyada ən təhlükəli məsələlərdən birinə çevrilib. Ayrı-ayrı adlar altında müxtəlif şəxslərin digər ölkələrə casusluq fəaliyyəti ilə göndərilməsi də miqrasiya çərçivəsində həyata keçirilir.
Azərbaycanda da din, elm, kitab satışı və digər fəaliyyətlər adı altında ölkəyə mütəxəssis kimi göndərilən, əslində isə antidövlət fəaliyyəti ilə məşğul olan şəxslər aşkarlanıb. Onlar burada qruplar yaradır, dövlətin əleyhinə müxtəlif cinayət əməlləri hazırlayırlar. Təbii ki, belə şəxslər təhlükəsizlik orqanlarımız tərəfindən ifşa olunur”.

S.Novruzov hesab edir ki, miqrasiya ilə bağlı yalnız bu qanunda deyil, bütövlükdə qanunvericilikdə müxtəlif kateqoriyalar üzrə tələblər gücləndirilməlidir. O, ölkəyə gələn şəxslərin yoxlanılması, onların ölkədə qalması və fəaliyyəti ilə bağlı məsələlərin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Deputat qanun layihəsində investisiya yatıran, ölkədə sərmayəsi və rezidentləri olan şəxslərin fəaliyyətlərini davam etdirməsi ilə bağlı müddəalara da münasibət bildirib. O qeyd edib ki, iri dövlətlər üçün müəyyən məbləğdə investisiya yatırmaq çətin deyil və bu imkanlardan istifadə etməklə ölkədə öz rezidentlərini yerləşdirə bilərlər:

“Belə dövlətlərin elə imkanları var ki, bu gün nəzərdə tutulan məbləğdən 10 dəfə artıq vəsait yatıra və bunun nəticəsində öz rezidentlərini burada yerləşdirə bilərlər. Onlar isə ölkəmizdə antidövlət fəaliyyəti ilə məşğul ola bilərlər”.

S.Novruzov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında və sonrakı çıxışlarında səsləndirdiyi ayıq-sayıq olmaq çağırışını xatırladaraq, bu məsələyə diqqətlə yanaşmağın vacibliyini qeyd edib:

“Ölkəyə həqiqi mütəxəssislərin gəlməsi, onların bilik və təcrübəsindən istifadə olunması, yeni mütəxəssislərin yetişdirilməsi vacibdir. Lakin mütəxəssis adı altında ölkəyə gəlib başqa məqsədlər güdən şəxslərə ehtiyac yoxdur”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR