Pulsuz vəkil istəyənlərə MÜHÜM XƏBƏR - AÇIQLAMA
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırlanan qanun layihəsinə əsasən, belə hallara görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 200 manatdan 300 manatadək, hüquqi şəxslərin isə 300 manatdan 400 manatadək cərimələnməsi nəzərdə tutulub.
Bəs pulsuz hüquqi yardımdan imtina hansı hallarda qanunsuz sayılır və vətəndaş belə bir vəziyyətlə qarşılaşdıqda hüquqlarını necə qorusun?
Bu barədə vəkil Turan Abdullazadə Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, konstitusiyanın 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təminat altına alır və qanunla nəzərdə tutulmuş hallarda bu yardımın dövlət hesabına göstərilməsini nəzərdə tutur və yeni qanun həmin konstitusiya təminatının icra mexanizmidir:

“Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən vəsaiti olmayan təqsirləndirilən şəxsin, ədalət mühakiməsinin maraqları tələb etdikdə, pulsuz müdafiəçi almaq hüququnu nəzərdə tutur. AİHM təcrübəsinə görə dövlətin öhdəliyi vəkil təyin etməklə bitmir, yardım effektiv olmalıdır. Formal təyinat, sonra isə faktiki imtina və ya passivlik Konvensiyanın pozuntusu kimi qiymətləndirilə bilər. Yeni sanksiya bu mənada pozuntunun qarşısını almaq üçün preventiv vasitədir. 2024-cü ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklə dövlət hesabına hüquqi yardım göstərən vəkilin öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməyəcəyi təsbit edilib. Deməli, imtina qadağası yeni deyil. Yenilik onun inzibati sanksiya ilə təmin edilməsi və tətbiq dairəsinin genişlənməsidir. 2024-cü ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş dəyişikliklə dövlət hesabına hüquqi yardım göstərən vəkilin öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməyəcəyi təsbit edilib. Deməli, imtina qadağası yeni deyil. Yenilik onun inzibati sanksiya ilə təmin edilməsi və tətbiq dairəsinin genişlənməsidir. Həmçinin, 2023-cü il dəyişikliyi ilə Mülki Prosessual Məcəllədə prosessual hüquqların həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ təsbit olunub”.
Vəkil kimlərin pulsuz hüquqi yardım ala biləcəyini açıqlayıb:
“Bu siyahıya bir sıra şəxslər daxildir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan işləməyən şəxslər və işsiz kimi qeydiyyatda olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, korrupsiya hüquqpozmaları barədə məlumat verənlər, yetkinlik yaşına çatmayanlar, qaçqınlar və siyasi sığınacaq almış şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər (azad olunduqları gündən bir il ərzində) və probasiya nəzarətində olan şəxslər, vəsaiti olmayan şübhəli və ya təqsirləndirilən şəxs, xüsusi ittihamçı, cinsi istismarın qurbanı olan uşaq və ölmüş zərərçəkmişin hüquqi varisi. Layihəyinin qapalı siyahısına görə imtina əsasları sənədlərdəki çatışmazlıqların vaxtında aradan qaldırılmaması, təhrif olunmuş məlumatların təqdim edilməsi, şəxsin qanundakı kateqoriyalara aid olmaması, bir il ərzində eyni məsələ üzrə üç dəfə əsaslandırılmış cavab alındıqdan sonra yeni məlumat olmadan təkrar müraciət, müraciətin hüquqi yardım tələb edən məsələyə aid olmamasıdır. Bundan əlavə, vəkilin dəyişdirilməsi də qanuni haldır.
Vəkilin işin nəticəsində maraqlı olması və ya obyektivliyinə şübhə yarandıqda, müraciət edən şəxsin yazılı müraciəti ilə vəkil dəyişdirilə bilər. Vəkilin özünün yazılı və əsaslandırılmış müraciəti də əsas ola bilər. Bu, imtina deyil, maraqlar toqquşmasının yolverilməzliyi prinsipinin tətbiqidir. Layihə "əsassız imtina" anlayışını ayrıca tərif etmir. Lakin imtina əsasları qapalı siyahı ilə verildiyindən, sistemli təfsirlə belə nəticəyə gəlmək olar: siyahıda olmayan istənilən əsasla imtina əsassız sayılmalıdır. Yeni tənzimləmə Konstitusiyanın 61-ci maddəsindəki təminatı və Avropa Konvensiyasının 6-cı maddəsindəki effektiv müdafiə standartını real mexanizmə çevirir. İmtina əsasları qanunda qapalı siyahı ilə müəyyən edilib. Bu siyahıdan kənar istənilən imtina, eləcə də əsaslandırılmamış qərar və ya müddətlərin pozulması əsassız sayılmalıdır. Vətəndaş belə halda yazılı qərar tələb etməli, əvvəlcə Vəkillər Kollegiyasına, sonra məhkəməyə şikayət etməlidir. Normanın uğuru isə yalnız cəriməyə deyil, “əsassız” anlayışının dəqiqləşdirilməsinə və vəkillərə ədalətli ödənişə bağlıdır”.
Bəsti Rəfizadə
Sfera.az






