Logo

Oktay Saralın sirli keçmişi: “Sarallar” mafiyası, 16 illik həbs cəzası və cavabsız suallar…

Oktay Saralın sirli keçmişi: “Sarallar” mafiyası, 16 illik həbs cəzası və cavabsız suallar…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın Azərbaycan hökumətinə qarşı açıqlamalarından sonra vəzifəsindən uzaqlaşdırılması hər iki ölkədə geniş müzakirələrə səbəb olub. Hadisə Saralın siyasi keçmişini, ailə əlaqələrini və haqqında illərdir səsləndirilən ittihamları da yenidən gündəmə gətirib.

Sfera.az xəbər verir ki, Türkiyənin bir sıra jurnalist və siyasi şərhçiləri onun vəzifədən uzaqlaşdırılmasını müzakirə edərkən əvvəlki qalmaqallarını da xatırladıblar. Məlum olur ki, Saralın mənsub olduğu ailənin adı Türkiyədə uzun illərdir mütəşəkkil cinayətkarlıqla bağlı xəbərlərdə hallanır.

“Sarallar” mafiyası və Oktay Saralın ailə əlaqələri

Türkiyədə “Sarallar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşma ölkənin kriminal tarixində ən çox müzakirə olunan strukturlardan biridir.

2022-ci il iyulun 11-də “Medyascope” nəşrində jurnalist Aytuğ Özçolakın “Onlarla qətl, yüzlərlə cinayət, böyük bir ailə: Sarallar kimlərdir, indiyədək nələr ediblər?” adlı geniş araşdırması dərc olunub.

Araşdırmada qruplaşmanın köklərinin Trabzonun Of rayonundan olan Saral ailəsinə gedib çıxdığı bildirilir.

Nəşrin yazdığına görə, qruplaşmanın qurucusu 2005-ci ildə öldürülmüş Hüseyin Saral olub. Burhanettin Saral, Ümit Saral, Yakup Saral, Alaattin Saral, Zafer Saral və Barış Saral isə müxtəlif dövrlərdə onun rəhbər şəxsləri kimi təqdim edilib.

Qruplaşmanın adı 1990-cı illərdən etibarən silahlı hücumlar, qətllər, hədə-qorxu, adam oğurluğu və digər ağır cinayətlərlə bağlı istintaq və məhkəmə proseslərində hallanıb.

Xüsusilə “Şahinlər” kimi tanınan rəqib kriminal qruplaşma ilə uzun illər davam etmiş silahlı qarşıdurmalar Türkiyə mediasının gündəmində olub.

(Mənbə: Medyascope – “Sarallar” araşdırması, 11.07.2022)

Bəs Türkiyə Prezidentinin keçmiş müşaviri Oktay Saralın bu ailə ilə əlaqəsi nədir?

Saralın Trabzonun Of rayonundakı Saral ailəsinə mənsub olması Türkiyə mətbuatında dərc edilmiş bioqrafik materiallarda qeyd olunur.

Amma daha diqqətçəkən məqam onun bu ailə barədə şəxsən verdiyi açıqlamadır.

Oktay Saral özü ailəni müdafiə edib

2017-ci il yanvarın 30-da Türkiyənin İhlas Haber Ajansı Oktay Saralın TGRT Haber kanalında səsləndirdiyi açıqlamaları yayıb.

Həmin materialda Saral ailəsinin üzvlərinə qarşı həyata keçirilmiş genişmiqyaslı həbslərin mətbuatda “mafiya hesablaşması” kimi təqdim olunduğu bildirilir.

Oktay Saral isə bu əməliyyatları müdafiə etməyib, əksinə, onların FETÖ ilə əlaqəli hüquq-mühafizə və məhkəmə əməkdaşlarının təşkil etdiyi qərəzli proses olduğunu iddia edib.

Saral çıxışında ailəsi haqqında danışaraq onun tarixən dövlətə və millətə bağlı olduğunu vurğulayıb. O, ailə üzvlərinin 140 il ərzində Trabzonun Of rayonunda ictimai həyata xidmət etdiyini bildirib.

Diqqətçəkən başqa bir məqam da var: Saral həmin çıxışında keçmiş Ankara Polis İdarəsinin rəhbəri Cevdet Saralı ailəsinin böyüklərindən biri kimi təqdim edib.

Bu açıqlamalar sonradan Saral ailəsinin öz internet səhifəsində də yerləşdirilib.

Beləliklə, Oktay Saralın kriminal ittihamlarla gündəmə gəlmiş Saral ailəsini açıq müdafiə etməsi sənədləşdirilmiş faktdır. Bununla belə, həmin çıxış onun mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu sübut etmir.

Eyni zamanda, çıxışdan qruplaşmanın rəhbərləri kimi göstərilən şəxslərin hər biri ilə onun konkret qohumluq dərəcəsini müəyyənləşdirmək mümkün deyil.

(Mənbələr: İhlas Haber Ajansı, 30.01.2017; Saral ailəsinin rəsmi internet səhifəsi)

16 illik həbs hökmü: Məhkum edilən Oktay Saral kimdir?

Araşdırma zamanı üzə çıxan ən ciddi məlumatlardan biri 1998-ci ildə Trabzonun Of rayonunda baş vermiş bombalı hücumla bağlıdır.

“Medyascope” nəşrinin dərc etdiyi məhkəmə xronikasına əsasən, həmin il Turgut Sarıalioğluna məxsus iş yerinə əl qumbarası atılıb, daha sonra odlu silahdan atəş açılıb.

Nəticədə Turgut Sarıalioğlu və Taner Yıldız həyatlarını itiriblər.

Cinayət işi üzrə Trabzon Ağır Cinayətlər Məhkəməsində aparılan proses 2001-ci il oktyabrın 20-də yekunlaşıb.

Nəşrin məlumatına görə, məhkəmə Nincu Portaze və Sultan Selim Saral barəsində ömürlük ağır həbs cəzası çıxarıb.

Oktay Saral adlı şəxs isə cinayətə yardım etmək ittihamı ilə 16 il ağır həbs cəzasına məhkum edilib.

(Mənbə: Medyascope, “Of’taki bomba” bölməsi, 11.07.2022)

Bu məlumat Azərbaycan mətbuatında da yayılıb. Bəzi nəşrlər 16 illik həbs cəzası almış şəxsi birbaşa keçmiş prezident müşaviri Oktay Saral kimi təqdim ediblər.

Lakin "Bakupost"un yoxladığı açıq mənbələrdə həmin şəxslərin eyni adam olduğunu qəti şəkildə təsdiqləyən ilkin məhkəmə sənədi müəyyən edilməyib.

Burada üç mühüm sual yaranır.

Birincisi, 2001-ci ildə məhkum edilmiş Oktay Saral 1967-ci il martın 18-də anadan olmuş, 1999–2011-ci illərdə Of bələdiyyəsinin sədri və 2011–2015-ci illərdə Türkiyə parlamentinin deputatı olmuş siyasətçi ilə eyni şəxsdir?

İkincisi, 16 illik həbs hökmü sonrakı məhkəmə instansiyalarında qüvvədə saxlanılıbmı, dəyişdirilibmi, yoxsa ləğv edilib?

Üçüncüsü, əgər söhbət eyni şəxsdən gedirsə, onun sonrakı siyasi fəaliyyəti və dövlət vəzifələrinə təyinatı zamanı bu məhkəmə işinin hüquqi statusu necə olub?

Bu suallara cavab vermək üçün məhkəmə qərarının tam mətninə, təqsirləndirilən şəxsin şəxsiyyət məlumatlarına və sonrakı məhkəmə qərarlarına ehtiyac var.

Türkiyə Böyük Millət Məclisinin rəsmi bioqrafiyasına görə, siyasətçi Oktay Saral 1999-cu ildən 2011-ci ilədək Of bələdiyyəsinin sədri olub. Bu fakt hadisənin xronologiyası baxımından əlavə suallar doğursa da, məhkum edilən şəxsin kimliyini müəyyənləşdirmək üçün kifayət etmir.

(Mənbə: Türkiyə Böyük Millət Məclisi – Oktay Saralın rəsmi bioqrafiyası)

169 nəfərlik cinayət işi və “Sarallar”a qarşı yeni əməliyyatlar

Türkiyədə “Sarallar” qruplaşmasına qarşı əməliyyatlar və cinayət işləri sonrakı illərdə də davam edib.

2022-ci il noyabrın 9-da TRT Haber İstanbul Prokurorluğunun “Sarallar” adı ilə tanınan cinayətkar təşkilata qarşı 169 nəfəri əhatə edən cinayət işi açdığını bildirib.

İttihamnamədə İlyas Saral qruplaşmanın rəhbəri kimi göstərilib. Təqsirləndirilən şəxslərə qarşı müxtəlif ağır cinayət ittihamları irəli sürülüb.

(Mənbə: TRT Haber, 09.11.2022)

2024-cü il martın 20-də isə Anadolu Agentliyi Ümit Saral haqqında yeni cinayət işi açıldığını xəbər verib.

İstanbul Prokurorluğu onu mütəşəkkil cinayətkar təşkilat yaratmaq və idarə etmək, hədə-qorxu və ağırlaşdırılmış talama əməllərində ittiham edib.

Prokurorluq Ümit Saralın 97 ildən 147 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.

(Mənbə: Anadolu Agentliyi, 20.03.2024)

2025-ci il iyulun 22-də isə qruplaşma ilə əlaqələndirilən 52 nəfər barəsində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamı ilə ayrıca ittihamnamə hazırlanıb.

(Mənbə: Anadolu Agentliyi, 22.07.2025)

Bütün bu faktlar “Sarallar” adı ilə tanınan qruplaşmanın Türkiyədə uzunmüddətli cinayət araşdırmalarının predmeti olduğunu göstərir.

Ancaq ittihamnamə ilə yekun məhkəmə hökmü fərqli hüquqi sənədlərdir. Təqsirləndirilən şəxslərin hər biri barədə məhkəmə qərarlarının ayrıca yoxlanılması vacibdir.

Saralın özünə qarşı gömrük ittihamları

Oktay Saralın adı təkcə ailə əlaqələri ilə deyil, siyasi fəaliyyəti dövründə də müxtəlif ittihamlarla gündəmə gəlib.

2019-cu il iyulun 4-də Türkiyənin “Cumhuriyet” qəzeti onun haqqında ciddi iddiaların səsləndirildiyi material dərc edib.

CHP-dən olan deputat Mahir Polat Türkiyə parlamentində keçirdiyi mətbuat konfransında Oktay Saralı Gürbulak gömrük idarəsində kadr məsələlərinə müdaxilə etməkdə və dövlət məmurundan Quran kursu üçün pul istəməkdə ittiham edib.

Deputat iddia edib ki, bəzi gömrük əməkdaşları əsassız şəkildə vəzifələrindən uzaqlaşdırılıb, müəyyən şəxslərin təyinatlarına müdaxilə olunub.

O, dövlət məmurlarından pul istənilməsi məsələsinin araşdırılmasını tələb edib.

(Mənbə: Cumhuriyet, 04.07.2019)

Lakin Mahir Polatın irəli sürdüyü iddiaların məhkəmədə sübuta yetirildiyini göstərən qərar müəyyən edilməyib. Buna görə həmin açıqlamalar təsdiqlənmiş cinayət faktı deyil, ictimaiyyət qarşısında səsləndirilmiş siyasi ittihamlar kimi qiymətləndirilməlidir.

Siyasi əlaqələrlə kriminal əlaqələr arasında hansı sərhəd var?

Oktay Saralın mənsub olduğu ailə ilə bağlı açıq mənbələrdə mövcud olan məlumatlar daha bir mühüm məsələni gündəmə gətirir: eyni ailənin nümayəndələri arasında siyasi və dövlət idarəçiliyində iştirak edən şəxslərlə kriminal ittihamlarla üzləşmiş şəxslərin əlaqələrinin hüdudları.

2017-ci ildə Oktay Saralın ailəsini müdafiə etməsi və həbs əməliyyatlarını FETÖ-nün qurduğu tələ kimi təqdim etməsi onun bu məsələyə açıq mövqe bildirdiyini göstərir.

Digər tərəfdən, ailənin müxtəlif üzvlərinə qarşı uzun illər ərzində irəli sürülmüş ittihamlar konkret şəxslərin siyasi əlaqələrindən istifadə edib-etmədiyi sualını ortaya çıxarır.

Lakin açıq mənbələr əsasında Oktay Saralın bu şəxslərə hüquqi və ya siyasi himayə göstərdiyini təsdiqləmək mümkün olmayıb.

Bu səbəbdən siyasi himayə iddiasını fakt kimi irəli sürmək üçün əlavə sənədlərə, konkret qərarlara və iştirakçıların ifadələrinə ehtiyac var.

FETÖ-nü ittiham edən Saralın özünün Fətullah Gülənlə əlaqələri

Oktay Saralın ailəsinə qarşı keçirilmiş həbsləri FETÖ-nün qurduğu tələ kimi təqdim etməsi onun keçmiş açıqlamalarını da maraqlı edir.

Türkiyənin “Halk TV” nəşrinin 2025-ci ildə yayımladığı araşdırmada Saralın vaxtilə Fətullah Gülən hərəkatına müsbət münasibətini əks etdirən sosial şəbəkə paylaşımları və çıxışları üzə çıxarılıb.

Məlumata görə, Oktay Saral 2011-ci ildə Gülən hərəkatının təşkil etdiyi Beynəlxalq Türk Dili Olimpiadalarında iştirak edib. O, tədbirdə çıxış edərkən hərəkatın fəaliyyətini yüksək qiymətləndirib, onun təmsilçilərini “Qızıl nəsil” adlandırıb.

2013-cü il dekabrın 2-də isə sosial şəbəkədə Fətullah Gülənə “Möhtərəm Xocaəfəndi” deyə müraciət edib və onun Türkiyəyə dəvət olunmasını müdafiə edən paylaşım yayıb.

BakuPost

Lakin ən diqqətçəkən məqam Saralın öz övladları barədə yazdığı statusdur.

Türkiyə mətbuatında ekran görüntüsü də yayılan həmin paylaşımda Saral bildirib:

“Canım mənim, mənim iki uşağım da camaatın məktəbində oxuyur. Amma məktəbdə müəllimlər Baş nazirimizi və partiyamızı təhqir edirlər”.

BakuPost

Beləliklə, Saral iki övladının Gülən hərəkatına bağlı məktəblərdə təhsil aldığını özü açıqlayıb.

Bu məlumatlar onun sonradan FETÖ-nü ailəsinə qarşı qərəzli əməliyyatlar keçirməkdə ittiham etməsi ilə əvvəlki münasibəti arasında diqqətçəkən ziddiyyət yaradır.

Bununla belə, 2011–2013-cü illərdə Gülən hərəkatının tədbirlərində iştirak etmək və övladlarını həmin məktəblərdə oxutmaq sonradan Türkiyədə FETÖ adı ilə terror təşkilatı kimi tanınmış strukturun cinayət fəaliyyətində iştirakın hüquqi sübutu deyil.

Ancaq sual açıq qalır: Vaxtilə Fətullah Gülənin fəaliyyətini tərifləyən və övladlarını onun hərəkatına bağlı məktəblərdə oxudan Oktay Saral sonradan hansı səbəbdən həmin çevrələri ailəsinə qarşı qərəzli əməliyyatlar təşkil etməkdə ittiham edib?

(Mənbə: Halk TV – “Hak ederek saray danışmanı olmayan Saral geçmişini silemedi: FETÖ övgülerinin biri bitti diğeri başladı”, https://halktv.com.tr/turkiye/hak-ederek-saray-danismani-olmayan-saral-gecmisini-silemedi-feto-ovgulerinin-biri-bitti-digeri-basladi-918944h)

Ailənin mövqeyi: İttihamları rədd edirlər

Saral ailəsi müxtəlif vaxtlarda adının kriminal hadisələrlə əlaqələndirilməsinə etiraz edib.

2026-cı ilin fevralında yayılan açıqlamada ailə “Sarallar” adı ilə cinayətkar təşkilatın mövcudluğunu rədd edib, Bursa şəhərində keçirilən əməliyyatda adı çəkilən şəxslərlə əlaqəsinin olmadığını bildirib.

Ailənin mövqeyinə görə, Saral soyadının bütün daşıyıcılarının kriminal qruplaşma ilə əlaqələndirilməsi onların nüfuzuna zərər vurur.

Bu mövqe ayrıca nəzərə alınmalıdır. Çünki eyni soyadı daşımaq və ya eyni geniş ailənin nümayəndəsi olmaq cinayət məsuliyyəti yaratmır.

Araşdırmanın nəticəsi: Əsas sual hələ açıqdır

"Bakupost"un araşdırdığı Türkiyə mənbələri bir neçə faktı təsdiqləyir.

Oktay Saral Saral ailəsinə mənsub olduğunu ictimai çıxışlarında özü də ifadə edib. Bu ailənin adı isə Türkiyə mətbuatında “Sarallar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşma haqqında materiallarda uzun illərdir hallanır.

Saral 2017-ci ildə ailəsinə qarşı keçirilən həbsləri açıq şəkildə tənqid edib və onları FETÖ ilə əlaqələndirib.

Onun özünə qarşı 2019-cu ildə gömrük idarəçiliyinə müdaxilə və pul istənilməsi ilə bağlı siyasi ittihamlar səsləndirilib.

Bununla belə, həmin iddiaların onun cinayət məsuliyyətini təsdiqləyən məhkəmə hökmü ilə nəticələndiyi müəyyən edilməyib.

Ən ciddi və hələ də cavabsız qalan məsələ isə 2001-ci ildə iki nəfərin ölümü ilə nəticələnən hücum üzrə 16 il həbs cəzası aldığı bildirilən Oktay Saralın kimliyidir.

Məhkəmə hökmünün tam mətni və sonrakı hüquqi taleyi açıqlanmadan həmin şəxsi Türkiyə Prezidentinin keçmiş müşaviri ilə eyniləşdirmək mümkün deyil.

Digər mühüm sual “Sarallar” qruplaşmasının rəhbərləri kimi təqdim edilən şəxslərlə Oktay Saralın konkret qohumluq əlaqələridir. Mövcud açıq mənbələr onların eyni ailə ilə əlaqələndirildiyini göstərsə də, hər birinin qohumluq dərəcəsini təsdiqləmir.

Azərbaycan hökumətinə qarşı açıqlamaları Oktay Saralın vəzifəsini itirməsi ilə nəticələnsə də, onun keçmişi ilə bağlı ortaya çıxan məlumatlar daha ciddi suallar doğurur. Kriminal ittihamlarla gündəmə gəlmiş ailə əlaqələri, Fətullah Gülən hərəkatına əvvəlki münasibəti, barəsində səsləndirilən siyasi ittihamlar və 16 illik həbs hökmündə adı keçən şəxsin kimliyi hələ də tam aydınlaşdırılmayıb.

Oktay Saralın siyasi karyerası “saralmağa” başlasa da, keçmişinin qaranlıq səhifələri hələ tam olaraq gün üzü görməyib… \\bakupost

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR