Logo

“Vətəndaşın hüquqları hesabına sürət olmaz” - Deputatdan ETİRAZ

“Vətəndaşın hüquqları hesabına sürət olmaz” - Deputatdan ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Məhkəmə proseslərinin sürətləndirilməsi vətəndaşların hüquqlarının müdafiəsi hesabına olmamalıdır”.

Sfera.az xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, təklif olunan dəyişikliklər məhkəmə sisteminin daha çevik və səmərəli fəaliyyət göstərməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, məhkəmə aidiyyəti ilə ərazi aidiyyəti arasındakı fərqlərin dəqiqləşdirilməsi, prosessual qaydaların sistemləşdirilməsi və işlərə baxılma müddətlərinin azaldılması müsbət addımlardır:

“Burada bir prinsipial məsələyə xüsusi diqqət yetirmək istəyirəm: məhkəmə icraatının sürətləndirilməsi vətəndaşın hüquqlarının müdafiəsi hesabına baş verməməlidir. Xüsusilə ərazi aidiyyəti qaydalarının pozulmasına görə məhkəmə qərarlarının ləğvinin məhdudlaşdırılması məsələsi diqqətlə qiymətləndirilməlidir.

Əlbəttə, sırf texniki xarakter daşıyan pozuntular səbəbindən məhkəmə prosesi illərlə uzanmamalıdır. Lakin aidiyyət pozuntusu vətəndaşın qanuni məhkəmədə baxılmaq hüququna, işin obyektiv araşdırılmasına və müdafiə imkanlarına təsir göstərirsə, bu hal hüquqi qiymətləndirmədən kənarda qala bilməz. Digər məsələ apellyasiya şikayətlərinə tək hakim tərəfindən baxılmasıdır. Bu yanaşma iş yükünün azaldılmasına kömək edəcək və bunu dəstəkləyirəm. Bununla belə, qərar qəbul edilərkən əsas meyar yalnız sürət deyil, həm də ədalətli araşdırmanın keyfiyyəti olmalıdır. Kiçik iddia üzrə mübahisənin məbləği az ola bilər, amma həmin məbləğ vətəndaş üçün böyük əhəmiyyət daşıya bilər. Maddəyə xüsusi hallar və istisnalar əlavə edilərsə və şərtlər müəyyənləşərsə, daha ədalətli yanaşma olar”.

Razi Nurullayev yazılı icraatın genişləndirilməsini də məqsədəuyğun hesab etdiyini, lakin tərəflərin dinlənilməsinin vacib olduğu hallarda şifahi baxış və mövqelərini əsaslandırmaq imkanlarının qorunmalı olduğunu vurğulayıb:

“Yazılı icraatın genişləndirilməsi də məqsədəuyğundur. Ancaq tərəflərin dinlənilməsinin vacib olduğu hallarda şifahi baxış və mövqeyini əsaslandırmaq imkanları qorunmalıdır. Bu bəndə də xüsusi və istisna hallar və şərtləri əlavə olunarsa, daha məqbul hesab edərdim. Bunları deməkdə əsas prinsipim budur ki, məhkəmə islahatının nəticəsi yalnız daha sürətli qərarlarla deyil, vətəndaşın ədalətə daha asan çıxışı və hüquqlarının daha etibarlı qorunması ilə ölçülməlidir. Bu baxımdan təklif olunan dəyişikliklərin məhz həmin prinsiplər əsasında dəqiqləşdirilməsini vacib sayıram”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR