Azərbaycanda əhali artımı niyə zəifləyir? - Sosioloq səbəbləri açıqladı
Azərbaycanda əhali artımının zəifləməsi nikah yaşının gecikməsi və boşanmaların artması ilə əlaqələndirilir. Ailələrin azuşaqlı olmağa üstünlük verməsi də bu prosesə təsir göstərir. Nəticədə ölkədə əhali artımının tempi zəifləyir.
Bəs bu artım sürətinin azalmasınıın başqa hansı səbəbləri var və həlli üçün hansı addımlar atılmalıdır?
Sosioloq Mail Yaqub Sfera.az-a açıqlamasında bildirib ki, əhali artımının azalması bütün dünyada, xüsusilə Qərb və Avropa ölkələrində, eləcə də Rusiyada müşahidə olunur.
Onun sözlərinə görə, Rusiyada hər il təbii əhali azalması 800-900 min nəfərə çatır. Bu tendensiya davam edərsə, yaxın 30-40 il ərzində ölkə əhalisinin təxminən 20 milyon nəfər azalacağı gözlənilir:
“Azərbaycanda da əhali artımının zəifləməsinin bir neçə əsas səbəbi var. Bu səbəblərdən birincisi müasir həyat tərzi və ailələrin dünyagörüşü ilə bağlıdır. Birinci səbəb həyat tərzi və baxışlarla əlaqədardır. Ailələr çoxuşaqlı olmağa meyilli deyillər, səbirsiz və həvəssizdirlər. Əksəriyyət bir və ya iki uşaqla kifayətlənir. Müasir ailə tərzi belədir. Burada ilk səbəb sosial-iqtisadi amillər deyil, məhz həyat tərzi və baxışlardır”.
M.Yaqubun fikrincə, ikinci mühüm amil sosial-iqtisadi vəziyyətlə bağlıdır. O bildirib ki, müasir ailələr uşaq sahibi olmaq barədə qərar verərkən övladlarının təhsilini, səhiyyə xidmətlərinə çıxışını və sağlam qidalanmasını nəzərə alırlar.

“Bu xərclər ailələrin daha çox uşaq sahibi olmaq qərarına təsir göstərir. Bütün bu amilləri nəzərə alan ailələr üçün üç uşağın böyüdülməsi belə çətin görünə bilər. Buna görə də bir çox ailə bir və ya iki uşaqla kifayətlənməyə üstünlük verir”, - deyə sosioloq bildirib.
O, əhali artımının zəifləməsinə təsir edən digər amillər sırasında nikahların sayının azalmasını da göstərib. Ekspert bildirib ki, nikahın daha gec yaşlarda bağlanması da əhalinin artım tempinin aşağı düşməsinə səbəb olur.
Sosioloqun diqqət çəkdiyi növbəti məsələ isə boşanmaların çoxalmasıdır. Onun sözlərinə görə, son illərdə Azərbaycanda boşanmaların sayı 50 faizə çatıb. Ekspert hesab edir ki, ailə münasibətlərindəki bu tendensiya da demoqrafik vəziyyətə təsir göstərən amillərdən biridir.
Bəs əhali artımının zəifləməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Sosioloq çıxış yolu kimi çoxuşaqlı ailə meyarlarının dəyişdirilməsini və dövlət dəstəyinin genişləndirilməsini təklif edib. Onun fikrincə, hazırda beş uşaqla müəyyənləşdirilən çoxuşaqlı ailə meyarı üç uşağa endirilə bilər:
“Üç uşağı olan ailələr də çoxuşaqlı ailə hesab edilməli və dövlət tərəfindən onlara müvafiq dəstək göstərilməlidir. Bu yanaşma daha çox uşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər”.
Sosioloq uşaq pullarının verilməsini də vacib məsələlərdən biri kimi qiymətləndirib. O bildirib ki, ailələrə bu istiqamətdə dəstək göstərilməzsə, Azərbaycanda əhali artımının tempi getdikcə zəifləyə və gələcəkdə əhalinin sayının azalması təhlükəsi yarana bilər:
“Azərbaycanda demoqrafik artımın qorunması üçün ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, uşaqların böyüdülməsi ilə bağlı xərclərin azaldılması və çoxuşaqlı ailələrə dövlət dəstəyinin artırılması istiqamətində tədbirlərin görülməsi vacibdir”.
İradə Elsevər






