Bakıda çox, rayonda az - Onlar niyə az maaş alır?
Azərbaycanda dövlət qulluqçularının əməkhaqları iqtisadi rayonlar üzrə fərqlənir.
Paytaxtda orta aylıq əməkhaqqı 2539 manat olduğu halda, bəzi iqtisadi rayonlarda bu göstərici 1316 manata qədər enib.
Bu barədə deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı danışıb. Deputatın sözlərinə görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb. Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqından 90 faiz çoxdur.
Onun təqdim etdiyi rəqəmlərə əsasən, dövlət qulluqçularının orta aylıq əməkhaqqı Bakı şəhərində 2539 manat, Naxçıvan Muxtar Respublikasında 1502 manat, Mil-Muğan iqtisadi rayonunda 1371 manat, Mərkəzi Aran iqtisadi rayonunda 1366 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1349 manat, Şirvan-Salyan iqtisadi rayonunda isə 1316 manat təşkil edib.
Deputat dövlət qulluğunda çalışanların sayına və vəzifə təsnifatları üzrə bölgüyə də diqqət çəkib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 27,3 min dövlət qulluqçusu var və onların 31,4 faizini qadınlar təşkil edir. Vəzifə təsnifatları üzrə bölgüyə gəlincə, dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatlarında, 3,9 faizi 4-cü, 12,4 faizi 5-ci, 8,7 faizi 6-cı, 44,2 faizi 7-ci təsnifat üzrə çalışır.
Bakıda dövlət qulluqçuları regionlardan niyə daha çox maaş alır? Bu fərqin əsas səbəbləri nədir?
Bu haqda iqtisadçı Rəşad Həsənov Sfera.az-a açıqlama verib. O, dövlət qulluqçularının regional əməkhaqqı fərqləri ilə müqayisəsi zamanı nisbətən diqqətli olmağın vacibliyini vurğulayıb:

“Çünki qanunvericilikdə bu istiqamətdə hər hansı diskriminasiya yoxdur. Hətta regionlarda çalışanlara münasibətdə daha yüksək tariflərin tətbiq edilməsi ilə bağlı hüquqi çərçivə də mövcuddur. Belə ki, yüksəklik pulu tətbiq olunur: 1500 metrdən yuxarı yüksəklikdə çalışanlara 30%, 2000 metrdən yuxarı yüksəklikdə çalışanlara isə əlavə yüksəklik pulu kimi tanınan əməkhaqqı əlavələri verilir. Yəni bu kontekstdə məsələyə baxsaq, 2000 metr və daha yüksək yüksəklikdə eyni vəzifədə çalışan dövlət qulluqçusu Bakı şəhərində çalışan həmkarı ilə müqayisədə daha yüksək maaş alır”.
R.Həsənov buna təsir göstərən əsas məsələnin dövlət qulluqçularının bölgüsü və dövlət qulluğu hesab edilən vəzifələrin, eləcə də qurumların daha böyük hissəsinin Bakı şəhərində yerləşməsi olduğunu açıqlayıb:
“Nazirliklər, digər dövlət orqanları, nazirliklərin tabeliyində olan qurumlar və sair, demək olar ki, əsasən Bakı şəhərində yerləşirlər. Son açıqlanan məlumatlara görə, ölkədə təxminən 29400 dövlət qulluqçusu var. Onların 14500-ə yaxını, yəni təxminən 50 faizi Bakı şəhərinin payına düşür. Bu kontekstdə məsələyə baxsaq, əslində, orta aylıq nominal əməkhaqqının Bakı şəhərində yüksək olmasını şərtləndirən amillər daha çox dövlət qulluqçularının statusu ilə bağlıdır. Bildiyiniz kimi, dövlət qulluqçuları 1-ci və 7-ci dərəcəli kateqoriyalar üzrə qruplaşdırılırlar. Onların tutduqları vəzifələrin aid olduğu dövlət qurumlarının statusu da əməkhaqqı səviyyəsinə təsir göstərir. Məhz bu məqamlar burada əməkhaqqının daha yüksək olmasını şərtləndirir. Yəni burada başqa hər hansı faktor yoxdur. Sadəcə, dövlət qulluqçularının əməkhaqqını formalaşdıran əmək bazarının mövcud strukturu, bu strukturun Bakı şəhərində daha güclü olması, paytaxtın daha böyük paya malik olması və daha yüksək statuslu qurumların, o cümlədən nazirliklərin burada yerləşməsi sözügedən fərqi şərtləndirir”.
Bəsti Rəfizadə
Sfera.az






