Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ

Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ
Kateqoriya məlum deyil
T

Azərbaycanda təklif edilən mənzillər üzrə median aylıq kirayə haqqı 2026-cı ilin iyun ayının sonunda 917 manata düşüb.

Mənzillərin qiymətində artım müşahidə olunsa da, kirayə gəlirlərinin nisbətən azalması daşınmaz əmlak bazarında diqqət çəkən tendensiyalardan birinə çevrilib. Mərkəzi Bankın hesabatına əsasən, mənzilin dəyərinin kirayə gəlirləri hesabına geri qayıtma müddəti 23 ilə yüksəlib.


Bəs kirayə qiymətlərinin azalması nə ilə bağlıdır? Qarşıdakı aylarda, xüsusilə payız-qış mövsümündə qiymətlərdə artım gözlənilirmi?


Sfera.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, median kirayə göstəricilərinin formalaşmasına mənzillərin qiymət kateqoriyaları üzrə bölgüsü və bazardakı təkliflərin sayı təsir edir.


Ekspertin sözlərinə görə, ucuz mənzillərin kirayə qiymətlərində artım olsa da, bahalı mənzillər seqmentində təkliflərin çoxluğu ümumi göstəricinin aşağı düşməsinə səbəb ola bilər:


“Median göstəricilər Fond tərəfindən aparılan araşdırmanın nəticələrinə, ümumi təkliflərin sayına görə orta göstəricilərə istinadən hesablanılır. Lakin nəzərə almaq lazımdır ki, ölkədə ucuz daşınmaz əmlakın kirayə qiymətləri artıb. Bəzi bahalı seqmentlərdə təkliflərin çox olması səbəbindən ümumi qiymətlər aşağı düşüb. Burada ciddi seqmentasiya aparılmadığı üçün göstərici bu şəkildə formalaşıb. Üstəlik, daşınmaz əmlakın orta qiymətlərinin ən azı 10-12 faizədək bahalaşması mənzil fondları üzrə göstəriciləri də dəyişib. Əvvəllər bu göstərici 1000 manatdan yuxarı idi, indi isə 917 manata düşüb. Mən bunu inkar etmirəm, belə bir hal ola bilər. Daha bir səbəb də var. Eyni araşdırmanı bu gün alternativ bir mənbə aparsa, nəticələr istər-istəməz fərqlənə bilər. Məlumatların bəzən təkrarlanması, yaxud fərqli yanaşma ilə təqdim olunması da mümkündür”.


Elnur Azadovun fikrincə, qış aylarında regionlardan böyük şəhərlərə axının artması kirayə bazarına təsir göstərə bilər və bu, xüsusilə ucuz mənzillərə tələbatın yüksəlməsinə səbəb ola bilər:


“Bu, mənim şəxsi fikrimdir. Qış aylarında regionlardan böyük şəhərlərə axın bir qədər artır. Məsələn, kənd təsərrüfatı ilə məşğul olan şəxslər yazdan payıza qədər bu sahədə fəaliyyət göstərirlər. Qış aylarında isə onların fəaliyyəti dayanır. Belə şəxslərin sayı ölkədə kifayət qədər çoxdur. Onlar işsiz qalmamaq, iş tapmaq və ya il ərzində topladıqları məhsulları bazarlarda satmaq məqsədilə böyük şəhərlərə gəlirlər. Mənə elə gəlir ki, qış aylarında kirayə sektorunda, xüsusilə 500-600 manata qədər olan ucuz mənzillərə tələbat yenidən artacaq. Buna görə də həmin mənzillərin qiymətlərinin artması qaçılmazdır”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR