Deputatdan İRAD: “Keçmişdə baş vermiş xoşagəlməz hadisələrə görə..."
Dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətlə məşğul olması üçün rəhbərlikdən icazə alınması tələbinin ləğvi təklif olunub.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov dövlət qulluğu ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu tələb vaxtilə müəyyən xoşagəlməz hadisələrin və sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq edilmiş ola bilər:
“Bu məsələni qaldıran həmkarlarımla razıyam və hesab edirəm ki, problemin həlli üçün müvafiq qanunvericilikdə həmin maddəyə bir daha baxılması yaxşı olardı. Elmi təcrübə və təhsil mərkəzlərində çalışan, xarici ölkələrdə təhsil alaraq elmi-akademik təcrübə qazanan mütəxəssislər elmi fəaliyyətləri ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Elmi və akademik yazılar hazırlamaq üçün uzun müddət əmək sərf edən şəxslərin bu fəaliyyətlə məşğul olmaqda maneələrlə qarşılaşması qəbuledilməzdir”.
Deputat hesab edir ki, elmi yaradıcılığa məhdudiyyət qoyulması ayrı-ayrı şəxslərin yanaşmalarından asılı olmamalıdır.
“Keçmişdə baş vermiş ayrı-ayrı xoşagəlməz hadisələrin nəticəsi olaraq formalaşan bu məhdudiyyətlərin bu gün elmə, təhsilə və yüksək ixtisaslı mütəxəssislərin gələcək inkişafına mane olmasına göz yummaq olmaz”.
R.Mahmudov, həmçinin bəzi elm xadimləri və həkimlərin uzun illər fəaliyyət göstərdikləri müəssisələrdə elmi fəaliyyətlərini davam etdirmək imkanından məhrum olduqlarını qeyd edib. O, qanun layihəsinin müzakirəsi zamanı müvafiq maddəyə yenidən baxılmasını və rəhbərliyin icazəsi ilə bağlı tələbin aradan qaldırılmasını tövsiyə edib.
Bəsti Rəfizadə






