İnsanlar niyə adlarını dəyişirlər? – Psixoloq səbəbləri açıqladı
2026-cı ilin ilk 9 ayı ərzində 1958 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Ad, soyad və ya ata adını dəyişənlərin 483 nəfəri kişi, 1475 nəfəri isə qadındır. Cinslər arasında kəskin fərq var.
Maraqlıdır, xüsusilə adını dəyişən qadınların bu addımı atması nədən qaynaqlanır? Bəzi insanlar adlarını dəyişməklə mənfi enerjidən qurtulduqlarını düşünür, yeni adın onlara daha çox uğur gətirəcəyinə inanırlar. Bəs bu qərarın arxasında hansı psixoloji səbəblər dayanır?
Psixoloq Aytən Ələkbərova Sfera.az-a açıqlamasında bildirib ki, insanların adlarını dəyişməsinin müxtəlif psixoloji, sosioloji və bəzən də bioloji səbəbləri olur.
Onun sözlərinə görə, ad dəyişikliyinin əsas səbəblərindən biri insanın yeni kimlik formalaşdırmaq istəyidir:
“Son dövrlərdə numerologiyaya marağın artması da bəzi insanların bu qərarı verməsinə təsir göstərir. Belə ki, numeroloqların adın uğura təsir etdiyi barədə fikirləri müəyyən şəxslərdə öz adlarını dəyişmək istəyi yarada bilər”.
Psixoloq qeyd edib ki, bəzi insanlar keçmişlə emosional bağlarını qoparmaq, ağrılı münasibətləri geridə qoymaq və travmatik hadisələrə son qoymaq məqsədilə adlarını dəyişmək istəyirlər:
“Bu, boşanma, valideyn-övlad münasibətlərində yaşanan problemlər və digər emosional çətinliklərlə əlaqəli ola bilər. Ad dəyişikliyinə karyera və sosial nüfuz qazanmaq istəyi də təsir edə bilər. Xüsusilə sənət adamları, bloqerlər və yeni fəaliyyətə başlayan şəxslər fərqli adla daha çox tanınacaqlarını, bunun onlara uğur gətirəcəyini düşünə bilərlər”.

Psixoloqun fikrincə, ad insan kimliyinin bir hissəsidir və onun dəyişdirilməsi hər bir insan üçün fərqli məna daşıya bilər:
“Buna görə də qərarın arxasında hansı səbəbin dayandığını müəyyənləşdirmək vacibdir. Bəzi hallarda bu addım şəxsiyyətlə bağlı çətinliklərdən, keçmişdən uzaqlaşmaq istəyindən və ya psixoloji problemlərə son qoymaq arzusundan qaynaqlana bilər”.
Mütəxəssis əlavə edib ki, ad dəyişikliyi bəzən insanın xəstəliklə mübarizəsindən və sağaldıqdan sonra həyatında yeni mərhələyə başlamaq istəyindən də irəli gəlir. Belə insanlar əvvəlki adlarını xəstəlik dövrü ilə əlaqələndirə, yeni adı isə həyata yenidən başlamağın simvolu kimi qəbul edə bilərlər:
“İnsanın öz adına münasibəti və özünə verdiyi dəyər psixoloji baxımdan bir-biri ilə əlaqəlidir. Bəzi şəxslər adlarını bəyənmədikləri üçün yeni layihələrə başlamaqda və uğur qazanmaq istiqamətində addımlar atmaqda çətinlik çəkə bilərlər. Bu zaman ad dəyişikliyi onlar üçün özlərinə inamı artırmağa və fəaliyyətə başlamağa kömək edən psixoloji stimul rolunu oynaya bilər”.
Psixoloq hesab edir ki, burada əsas məsələ insanın adını niyə dəyişmək istəməsi və bu qərara hansı mənanı verməsidir:
"Ad dəyişikliyi hər kəs üçün eyni səbəbdən baş vermir və bu məsələyə fərdi yanaşmaq lazımdır".
İradə Elsevər






