Korrupsiya ilə mübarizədə yeni mərhələ - Yenilik uğurlu olacaq?
Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək və bu gəlir vergisindən azad olunacaq. Bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub. Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb. Layihədə qeyd edilib ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.
Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Maraqlıdır, bu metod nə dərəcədə səmərəlidir? Dünyada analoqları varmı?
Bu haqda Ağ Partiyanın sədri Tural Abbaslı Sfera.az-a açıqlama verib.
T.Abbaslı deyib ki, bu qanun layihəsinin Azərbaycanda effekt verməsi inandırıcı deyil:
“Çünki heç kim gedib işlədiyi yeri və yaxud hər hansı bir orqanı belə gülünc məbləğə görə satmaz. Üstəlik, bunun mexanizmləri də çox qəliz olacaq. Özü də minimum maaşın 25 mislinə qədər... Yəni bu o deməkdir ki, 3 misli də ola bilər, 4 misli də. Məsələn, minimum əməkhaqqı 400 manatdırsa, 25 mislinə qədər 10 000 manat edir. İki misli isə 800 manat olacaq. Məlumatı verən adam öz həyatını da riskə atacaq, işini də təhlükəyə atacaq. Öz iş yoldaşları arasında ona münasibət dəyişəcək, ətrafındakı insanların münasibəti də dəyişə bilər. Bu, cinayətin ifşa olunması, onun ortaya çıxarılması olsa da, biz Şərq cəmiyyəti olaraq xəbərçiliyə, satqınlığa yaxşı baxmırıq”.

T.Abbaslı bu qanun layihəsinin daha böyük korrupsiyalara yol açmaq ehtimalı olduğunu da iddia edib:
“Çünki heç kəsə sirr deyil ki, uzun müddət Azərbaycanda korrupsiya ilə mübarizə aparmalı olan insanların özləri korrupsiya ilə məşğul olurlar. İndisə həmin korrupsiya idarələrinin, şöbələrinin məlumatı olmayan xırda yerlərdən də məlumat gələcək. Bəs bu məlumatdan necə istifadə olunacaq? Belə məsələlər var. Ona görə mən bu qanunla bağlı skeptikəm. Tutaq ki, kimsə getdi və milyonluq bir korrupsiya ilə bağlı məlumat verdi. Bununla bağlı cinayət işi açılmalıdır, prosesin istanlağı aparılmalıdır, cinayət məhkəmədə sübut olunmalıdır. Cinayət sübut olunandan, məhkəmə prosesi başa çatandan sonra da bu adama 1000 manat, 1500 manat pul verəcəklər. Adam da iki il bu cinayət işinin nəticəsini gözləyəcək. Mənim fikrimcə, heç bir effekti olmayacaq. Korrupsiya ilə mübarizəni bu cür qanunlarla aparmırlar”.
Qeyd edək ki, korrupsiya və maliyyə fırıldaqları barədə məlumat verən şəxslərin (beynəlxalq terminlə "whistleblower") maddi mükafatlandırılması mexanizmi xarici təcrübədə mövcuddur və bəzi inkişaf etmiş ölkələrdə son dərəcə uğurlu və effektiv bir üsul hesab olunur.
Ən uğurlu təcrübə ABŞ-dədir. ABŞ-də bu sistem onilliklərdir tətbiq olunur və korrupsiyanın, vergi yayındırmalarının ifşasında dünyanın ən effektiv aləti sayılır.
Bu təcrübəni tətbiq edən digər qabaqcıl ölkə Cənubi Koreyadır. Burada korrupsiya ilə mübarizədə Asiyanın ən sərt və effektiv sistemlərindən biri qurulub.
Lakin uğursuz təcrübələr də var. Dünya təcrübəsi göstərir ki, Qana, Keniya, Nigeriya, Pakistan və s. kimi inkişaf etməkdə olan və ya təsisatları zəif olan ölkələrdə bu metod gözlənilən effekti vermir.
Ümumiləşdirsək, metod beynəlxalq praktikada çox uğurludur, lakin onun işləməsi üçün mükafatın məbləği (sabit yox, faizlə) böyük olmalı və ən əsası, məlumat verən şəxsin təhlükəsizliyi, iş yeri və anonimliyi dövlət tərəfindən 100% zəmanət altına alınmalıdır.
Bəsti Rəfizadə






