Nazirlərin ilk iş yeri hara olub?

Azərbaycanda yüksək dövlət vəzifələrində çalışan məmurların böyük hissəsinin uzun illər ərzində müxtəlif sahələrdə formalaşan əmək və idarəçilik təcrübəsi var.
Hazırda Nazirlər Kabinetində təmsil olunan şəxslərin də karyera yolu bir-birindən fərqlənir.
Onların arasında fəaliyyətə dövlət qurumlarında başlayanlar da var, özəl sektordan gələnlər də.
Sfera.az hazırda Azərbaycan hökumətində nazir vəzifəsini tutan şəxslərin əmək fəaliyyətinə haradan başladığını araşdırıb.
Əli Əsədov

Baş nazir Əli Əsədov karyerasına yüksək dövlət vəzifəsindən başlamayıb. O, 1980-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə həmin ali məktəbdə laborant kimi başlayıb. Daha sonra aspirant və müəllim kimi fəaliyyət göstərib. Əsədovun dövlət idarəçiliyində karyerası isə sonrakı illərdə başlayıb və o, Prezident Administrasiyasında müxtəlif vəzifələr tutduqdan sonra 2019-cu ildə Baş nazir təyin edilib.
Vilayət Eyvazov

Daxili işlər naziri Vilayət Eyvazov karyerasına birbaşa hüquq-mühafizə orqanlarında başlayıb. DİN-in rəsmi məlumatına görə, o, 1994-cü ilin noyabrından daxili işlər orqanlarında xidmət edir və fəaliyyətə polis nəfəri kimi başlayıb. Daha sonra cinayət-axtarış qurumlarında müxtəlif vəzifələrdə çalışıb.
Rəşad İsmayılov

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov isə əmək fəaliyyətinə dövlət qurumunda deyil, özəl sektorda başlayıb. O, 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi fəaliyyətə başlayıb. Daha sonra müxtəlif dövlət qurumlarında hüquq və idarəçilik vəzifələrində çalışıb və 2026-cı ildə nazir təyin edilib.
Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayevin karyerası təhsil və akademik fəaliyyətlə başlayıb. Açıq bioqrafik məlumatlara görə, o, 2005-2009-cu illərdə Qafqaz Universitetində Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb. Daha sonra Təhsil Nazirliyində müxtəlif rəhbər vəzifələr tutub.
Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov diplomatik istiqamətdən karyera qurmağa başlayıb. Məlumatlara görə, o, 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib kimi fəaliyyət göstərib. Sonrakı illərdə diplomatik və enerji sektorunda müxtəlif vəzifələr tutub.
Fərid Əhmədov

Ədliyyə naziri Fərid Əhmədov əmək fəaliyyətinə 2000-ci ildən hüquqşünas kimi başlayıb. Rəsmi bioqrafiyasına əsasən, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, daha sonra Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışıb.
Anar Əliyev

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev də karyerasının ilk mərhələsində məhkəmə sistemində çalışıb. O, əmək fəaliyyətinə 1 saylı Yerli İqtisad Məhkəməsində məhkəmə iclasının katibi kimi başlayıb. Daha sonra İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və 2025-ci ildə nazir təyin edilib.
Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ilk iş yeri isə neft-qaz sektoru olub. O, 1978-ci ildə “Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində əmək fəaliyyətinə başlayıb, burada texnik və geoloq kimi çalışıb. Daha sonra Dövlət Gömrük Komitəsinə rəhbərlik edib və 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsini tutur.
Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov da karyerasına dövlət idarəçiliyindən başlamayıb. O, 2000-2001-ci illərdə ARDNŞ-nin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında çalışıb. Daha sonra həmin qurumun planlaşdırma şöbəsində iqtisadçı işləyib. Onun idman sahəsindəki karyerası isə 2003-cü ildən Azərbaycan Gimnastika Federasiyasında başlayıb.
Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov əmək fəaliyyətinə 1996-cı ildə Vergilər Nazirliyində başlayıb. 2000-ci ilə qədər burada müxtəlif vəzifələrdə çalışıb. Daha sonra özəl hüquq şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. Onun dövlət idarəçiliyində rəhbər vəzifələrə keçidi 2013-cü ildə Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunması ilə başlayıb.
Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ilk iş sahəsi bank sektoru olub. İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, o, 1995-ci ildən bank sektorunda əmək fəaliyyətinə başlayıb. Daha sonra hüquq şirkətində və özəl sektorda hüquqşünas kimi çalışıb, 2002-ci ildə isə iqtisadi inkişaf nazirinin müşaviri təyin olunub.
Məcnun Məmmədov

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmək fəaliyyətinə hələ tələbəlik illərində qida sektorunda başlayıb. Rəsmi bioqrafiyasında bu fəaliyyətin 2002-ci ildən başladığı qeyd olunur. Daha sonra “Deloitte & Touche”də məsləhətçi, müxtəlif özəl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb və 2023-cü ildə kənd təsərrüfatı naziri təyin edilib.
Sahil Babayev

Maliyyə naziri Sahil Babayev karyerasına 1999-cu ildə Dövlət Neft Şirkətində başlayıb. O, ARDNŞ-nin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentində böyük mütəxəssis kimi fəaliyyətə başlayıb, sonradan həmin departamentə rəhbərlik edib.
Adil Kərimli

Mədəniyyət naziri Adil Kərimli isə əmək fəaliyyətinə hüquq sahəsində başlayıb. O, 1999-2001-ci illərdə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi çalışıb. Sonrakı illərdə hüquq, təhsil və idarəçilik sahələrində müxtəlif vəzifələr tutub, 2023-cü ildə mədəniyyət naziri təyin edilib.
Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənovun karyera yolu hərbi xidmətlə bağlıdır. Açıq bioqrafik məlumatlarda onun 1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında xidmət etdiyi göstərilir. Sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Vüqar Mustafayev

Müdafiə sənayesi naziri Vüqar Mustafayev əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis kimi çalışıb. Daha sonra “Ernst & Young”, “Azerfon” və “PAŞA Holdinq”də müxtəlif rəhbər vəzifələr tutub.
Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə dövlət idarəçiliyinə kifayət qədər erkən yaşda daxil olub. O, 1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. Daha sonra Mərkəzi Bankda və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyib, 2011-ci ildə “Azərkosmos”a rəhbər təyin olunub.
Teymur Musayev

Səhiyyə naziri Teymur Musayevin ilk iş yeri isə tibb müəssisəsi olub. O, Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra müxtəlif xəstəxanalarda həkim və rəhbər vəzifələrdə çalışıb.
Beləliklə, hazırkı nazirlərin karyera yollarına nəzər saldıqda fərqli mənzərə ortaya çıxır. Kimisi ilk addımını neft-qaz sektorunda, kimisi hüquq sahəsində, kimisi bank və özəl şirkətlərdə, kimisi isə birbaşa dövlət orqanlarında atıb. Nazirlərin bioqrafiyalarında diqqət çəkən başqa məqam isə onların bir çoxunun nazir postuna gəlməzdən əvvəl uzun illər müxtəlif idarəçilik və rəhbər vəzifələrdə çalışmasıdır. Bəzi nazirlərin siyasi-idarəçilik yolu ilk iş yerindən deyil, əmək fəaliyyətinin sonrakı mərhələsində başlayıb. Məhz bu fərq onların karyera trayektoriyalarını daha maraqlı edir.
Firuzə Əliyeva






