Bakıda avtomobillər nömrəyə görə yola buraxıla bilər? - AÇIQLAMA

Bakıda avtomobillər nömrəyə görə yola buraxıla bilər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Dünyanın bəzi iri şəhərlərində avtomobillərin dövlət nömrə nişanlarının son rəqəminə əsaslanan məhdudiyyətlərdən istifadə edilir.

Belə sistemlərdə tək günlərdə nömrəsi tək rəqəmlə bitən, cüt günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin hərəkətinə icazə verilir.


Bu təcrübənin əsas məqsədi eyni vaxtda yollarda olan avtomobillərin sayını azaltmaq və nəqliyyatın hərəkətini nisbətən rahatlaşdırmaqdır. Lakin belə məhdudiyyətlərin tətbiqi ictimai nəqliyyatın vəziyyəti, alternativ nəqliyyat imkanları, avtomobillərin sayının artımı və sürücülərin qaydalara uyğunlaşması kimi amillərdən də asılıdır. Bakının nəqliyyat infrastrukturu və şəhər daxilində hərəkət intensivliyi nəzərə alınmaqla belə bir sistemin tətbiqinin mümkün olub-olmaması da sual doğurur.


Bəs Bakıda tək və cüt nömrəli avtomobillərin günlər üzrə yollara buraxılması sistemi tətbiq oluna bilərmi? Bu üsul paytaxtda tıxacların azalmasına nə dərəcədə təsir edə bilər?


Bu haqda Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev xüsusilə Tehranda bu qaydanın tətbiq olunduğunu vurğulayıb:


“Əslində, bu da tıxacın, sıxlığın qarşısını almağın metodlarından biridir. Amma bu, ən axırıncı variantdır. Yəni belə bir məhdudlaşdırmadan son variant kimi istifadə oluna bilər”.


Ekspert Azərbaycanda vəziyyətin o qədər də ağır olmadığını bildirib:


“Tıxac problemi daha da ağırlaşsa, bunu tətbiq etmək olar. Amma hazırda müəyyən yerlərə giriş-çıxışın ödənişli olması ehtimalı var. Həmçinin bəzi yerlərdə avtomobillərin ümumiyyətlə girişi qadağan edilib. Belə küçələrin sayı daha da artırılacaq. Amma düşünmürəm ki, nömrəyə görə məhdudiyyətlər Azərbaycanda tətbiq edilsin”.

Qeyd edək ki, Pekində bu sistem ilk dəfə 2008-ci il Yay Olimpiya Oyunları zamanı tətbiq edilib və havanın təmizlənməsində böyük rol oynayıb. Hazırda şəhərdə hava çirkliliyi "qırmızı həyəcan" səviyyəsinə çatdıqda avtomatik olaraq tək-cüt günlər qaydası qüvvəyə minib. Dünyanın ən çox hava çirkliliyi olan şəhərlərindən biri olan Dehlidə, xüsusilə qış aylarında duman və tüstünü azaltmaq üçün tək-cüt nömrə qaydasından müntəzəm olaraq istifadə olunur.


Həmçinin, dünyanın ən sıx tıxacları olan İndoneziyada mərkəzi küçələrdə və magistrallarda pik saatlarda hərəkəti tənzimləmək üçün tək və cüt nömrəli avtomobillərin növbəli hərəkəti tətbiq edilir.


Kolumbiyada sistem "Pico y Placa" (Zirvə saatı və nömrə nişanı) adlanır. Şəhərdə nəinki tək-cüt günlər, hətta həftənin günlərinə görə nömrənin son rəqəmləri qruplaşdırılaraq məhdudiyyətlər qoyulur. Meksikada isə "Hoy No Circula" (Bu gün hərəkət yoxdur) proqramı çərçivəsində uzun illərdir nömrə nişanlarına görə avtomobillərin şəhərə girişi məhdudlaşdırılır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR