Bakıda tıxacı necə azaltmaq olar? - AÇIQLAMA

Bakıda metro stansiyalarının təmirə bağlanması ilə əlaqədar sərnişinlərin böyük qismi alternativ olaraq yerüstü nəqliyyatdan istifadəyə üstünlük verir.
Bu isə xüsusilə günün pik saatlarında şəhərin əsas küçə və prospektlərində nəqliyyat sıxlığının artmasına səbəb olur. Marşrut avtobuslarında sərnişin sayının çoxalması, yollarda hərəkətin intensivləşməsi və yaranan tıxaclar alternativ nəqliyyat imkanlarının yetərliliyini də gündəmə gətirir.
Metro stansiyalarının fəaliyyətində yaranan məhdudiyyət fonunda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və yol hərəkətində sıxlığın azaldılması üçün hansı tədbirlərin görülə biləcəyi müzakirə mövzusudur.
İndiki imkanlarla hansı əlavə tədbirlər görməklə sərnişin sıxlığını azaltmaq olar?
Bu haqda Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə əsasən, hazırda şəhərdə nəqliyyatın hərəkətinə təsir edən bir sıra amillər var:

“Ümumi olaraq, hazırda şəhərimizdə bir çox işlər görülür və bunlar da təsirsiz ötüşmür. Hazırda beynəlxalq tədbir keçirilir. Bununla əlaqədar olaraq müvəqqəti yollar bağlanılıb. Düşünürəm ki, bu həftə tədbir keçiriləcək və növbəti həftələrdə, oktyabrın ilk günlərində artıq müvəqqəti qurulmuş qurğuların aradan götürülməsi ilə ənənəvi marşrutlar öz fəaliyyətinə davam edəcək. Bununla yanaşı, hazırda operativ qərarlar verilir. Bildiyimiz kimi, tədris mövsümü başlayıb, metroda xətlərin ayrılması layihəsinə start verilib. Bunun təsirinin önünə keçmək üçün ekspress marşrutlar açılır və aparılan təhlillər əsasında yeni istiqamətlər də müəyyən olunur. Son xəbərlərdə Avtovağzal və Xocəsən metrosunda artıq pulsuz girişlərin təşkili məsələsi də yayımlandı. Düşünürəm ki, bu qərarların məntiqi sonluğu insanlara mövcud infrastruktur daxilində ilkin olaraq əlaqəni və sürətli əlaqəni təmin etməkdir”.
Ekspert hesab edir ki, sərnişin sıxlığının azaldılması üçün daha az xərcli layihələrin icrasına da diqqət artırılmalıdır:
“Burada piyada infrastrukturunun abadlaşdırılması, qısa piyada marşrutunu formalaşdıran zebrəli və svetoforlu keçidlərin sayının artırılması nəzərdə tutulur. Eyni zamanda, dəmir yolu layihələri var. Ötən ildən başlayıb və həmin layihələrin sürətlə icrasını tamamlamağa ehtiyac var. Dəmir yolunda sürətli icra ilə Abşeronun dairəvi hərəkətinin təmin edilməsi məsələsi gündəm mövzusu olmalıdır. Çünki bu təmin olunarsa, insanların birbaşa səfər prioritetinə təsir edəcək. Şimal istiqamətindən gələnlər artıq nə 20 Yanvar, nə də 28 May metrosuna getmədən Koroğlu istiqamətinə hərəkət edə biləcəklər. Bu, əsasən Xırdalandan gələn və həmin istiqamətə gedən insanlar üçün də keçərlidir. Bu imkanlar yarandığı təqdirdə avtomatik olaraq insanların səfər planlaması dəyişir. Düşünürəm ki, sürətli relsbus alınmasına ehtiyac var. Bu, rels üzərində hərəkət edən avtobus tipidir. Əhmədli stansiyasının yaxınlığında, Kənd Əhmədlidə yerləşən sənaye əhəmiyyətli dəmir yollarının imkanları dəyərləndirilib, bir platforma təşkil etməklə oradan Lökbatan istiqamətində əlaqənin təmin edilməsi yönündə də araşdırmalar aparılmalıdır. Bu növ hərəkət tərkibinin, hətta lizinq əsasında işlənmiş variantının alınaraq sürətlə xəttə buraxılması həmin istiqamətdə hərəkət edənlərin əhəmiyyətli bir hissəsini öz üzərinə çəkə bilər. Bu da digər nəqliyyat növlərində insanların hərəkətinə müsbət təsir edər”.
Ekspert şəhərdə nəqliyyat və logistika mərkəzlərinin daha fərqli istiqamətlərdə yerləşdirilməsinin də vacib olduğunu vurğulayıb:
“Ümumi olaraq, Abşeron Logistika Mərkəzinin yanında Sədərək və Binə ticarət mərkəzləri yerləşir. Digər tərəfdən bunu da dəyərləndirmək vacibdir ki, bizdə həm mobillik, həm də logistika üzrə bütün bu növ mərkəzlər və komplekslər şəhərin şimal-qərb və yaxud qərbində yerləşir. Bunu da parçalamağa ehtiyac var. Avtovağzalımız şimal-qərbdə, Abşeron Logistika Mərkəzi qərbdə yerləşir. Bunu mərkəzdə və şərq hissəsində də həm avtovağzal, həm logistika mərkəzi təşkil etməklə buradakı səfərlərə və yük trafikinə təsir etmək, yük maşınlarının bir istiqamətə getməsinin qarşısını almaq olar. Əgər biz bunu parçalasaq, şəhərin fərqli nöqtələrində bu imkanları yaratsaq, insanlar özünə yaxın olan istiqamətə yönələr. Bu da ümumi şəbəkədə yükün və sərnişin axınının parçalanmasına təsir edəcək. Ümumi dövlət proqramı var. Bunun icrası yeni reallıq formalaşdıracaq və insanlara yeni imkanlar yaratmaqla vərdişlərimiz dəyişəcək. Bir az belə sancılı proses kimi gedir, amma artıq kritik həddə gəlmişik. Bunun daha az təsirli keçməsi üçün mərhələ-mərhələ işlər icra olunmalıdır.
Tikinti layihələrində müasir texnologiyalarla, yəni mövcud hərəkətə minimum təsir imkanı verən həllərə daha çox köklənməliyik. Çünki böyük şəhərdə yolun hətta qısa müddətə bağlanması təsirsiz ötüşmür, o ki qaldı bir neçə gün, bir neçə ay, bir neçə il. Hərəkətin dayanmasının, hətta qısa müddət üçün belə, iqtisadi, sosial, psixoloji və mənəvi təsirləri var. İnsanlar bundan mənfi təsir görürlər. Düşünürəm ki, bu məsələlər dəyərləndirilib növbəti layihələrdə və onların icrasında müasir texnologiyalardan istifadə etməklə işlər həyata keçirilməlidir. Hazırda bəzi layihələrdə bunu müşahidə edirik. Məsələn, kollektor tikintisi mikrotunel texnologiyası ilə icra olunur. Sonradan metro da əsasən mexanikləşdirilmiş TBM ilə tikiləcək. Digər avtomobil yolları və dəmir yolu ilə kəsişən nöqtələrdə də üstdəki hərəkəti dayandırmadan işlərin aparılmasına imkan verən fərqli həllər var. Xırdalanın ətrafında olan dəmir yolunun altından bir yox, bir neçə tunel tikiləcək. Hazırda bir ildən artıqdır Xırdalan-Sumqayıt arası əlaqə dayandırılıbsa, düşünürəm ki, bunu növbəti illər üçün indidən dəyərləndirməliyik. Açıq üsulla, ənənəvi üsulla tikintinin fəsadı artıq əlaqənin kəsilməsinə gətirib çıxardı. Bu da digər yerüstü nəqliyyatın yükünü artırdı. Düşünürəm ki, məhz bu məsələlərə diqqətimizi artırmalıyıq”.
Bəsti Rəfizadə






