Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE

Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu yüksək dövlət təltifinə layiq görülüb.

Bəs Ali Attestasiya Komissiyasının 2019-cu ildən rəhbəri olan Famil Mustafayev kimdir?

Sfera.az onun dosyesini təqdim edir:

Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub. O, ali təhsilini əvvəlcə iqtisadiyyat, daha sonra isə hüquq sahəsində alıb.

1984-1989-cu illərdə Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alan Mustafayev universiteti fərqlənmə diplomu ilə bitirib.

Bundan bir neçə il sonra təhsilini hüquq sahəsində davam etdirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə oxuyub və bu universiteti də fərqlənmə diplomu ilə başa vurub.

Famil Mustafayev əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Texniki Universitetində başlayıb. 1992-ci ilədək universitetin “Siyasi iqtisad” kafedrasında müəllim işləyib.

1992-2000-ci illərdə iqtisadiyyat sahəsində müxtəlif nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışıb.

2001-ci ildə yenidən ali məktəbə qayıdan F.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2” kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildən 2015-ci ilədək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olub.

2015-2016-cı illərdə Azərbaycanın təhsil nazirinin müşaviri vəzifəsində çalışan Famil Mustafayev daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbərlik edib. O, 2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru olub.

2018-ci ildə onun fəaliyyətində daha bir mərhələ başlayıb. Həmin ildən 2019-cu ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini kimi çalışıb.

21 iyun 2019-cu ildən isə Famil Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

Famil Mustafayev iqtisad elmləri doktoru, professordur. Ailəlidir, iki övladı var./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR