Salayev AKİ-ni tənqid etdi: "Bu təşkilat 1980-ci ildə ölüb”

Salayev AKİ-ni tənqid etdi: "Bu təşkilat 1980-ci ildə ölüb”
Kateqoriya məlum deyil
T

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) rəhbərlik dəyişikliyi baş verib. Xalq artisti, aktrisa Şəfiqə Məmmova AKİ-nin yeni sədri seçilib.

Yeni rəhbərliyin kino sahəsində hansı dəyişikliklərə səbəb olacağı, Azərbaycan kinosunun inkişafı üçün hansı addımların atılmasının vacibliyi müzakirə olunur.

Məsələ ilə bağlı Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Ayaz Salayev Sfera.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqına münasibət bildirərək qurumun fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

“Azərbaycan Kinematoqrafçılar İttifaqı mənim üçün mövcud deyil. Mən bu təşkilatın üzvü deyiləm və artıq heç vaxt da olmayacağam. Mən hər yerdə demişəm ki, bu təşkilat 1980-ci ildə Həsən Seyidbəylinin vəfatı ilə ölüb”, - deyə Ayaz Salayev bildirib.

O, yeni rəhbərliyin gəlişi ilə qurumun fəaliyyətinin dəyişəcəyinə münasibət bildirərkən bununla bağlı konkret fikir söyləməyib.

“Mən bilmirəm. Mən görmürəm. Mən şəxsən özümü bu təşkilatda görmürəm, bu təşkilatı da görmürəm. Orada adamlar var, bəziləri ilə dostluq münasibətlərim var, amma bir təşkilat kimi Azərbaycan Kinematoqrafçılar İttifaqını görmürəm. Mən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədrliyini edirəm və bu qədər”, - deyə rejissor qeyd edib.

Ayaz Salayev əlavə edib ki, fikirlərində konkret şəxslərə toxunmaq istəmir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR