Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...

Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...
Kateqoriya məlum deyil
T

Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi son illər yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Dənizin müxtəlif ərazilərində sahildən çəkilmənin daha aydın müşahidə olunması ekoloji fəsadlarla bağlı narahatlıqları da artırıb.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a danışan ekoloq Ənvər Əliyev bildirib ki, Xəzər dənizindəki vəziyyət klassik dövrə uyğun gəlir.

Onun sözlərinə görə, Xəzər dənizi müxtəlif illərdə analoji mərhələlərdən keçib və bənzər çəkilmələr çox olub:

"Ən sonuncu geriçəkilmə ötən əsrin 1970-ci illərinə təsadüf edir.

O zaman da rezonans doğurmuşdu, hətta problemi həll etmək üçün Rusiyanın şimal çaylarının suyunu Xəzərə yönəltmək istəyirdilər. Bu problem həmin vaxt həll olundu.

Bu dövrülük birbaşa dənizin 4 milyon kvadratkilometrlik suyığma hövzəsinə düşən yağıntılarla bağlıdır. Bakıda elə qarlı vaxtlar olurdu ki, tələbəlikdə çörək almağa gedəndə qurşağacan qara batdığımı xatırlayıram. Təbii qanunauyğunluqlar pozulmazsa, bu yağıntılı dövrün yenidən qayıtması qaçılmazdır. Çünki Qafqaz, Rusiya düzənlikləri və İranı əhatə edən suyığma hövzəsində rütubət ehtiyatı mövcuddur".

Onun sözlərinə görə, Xəzər nəhəng və qapalı su hövzəsi olduğundan onun su ehtiyatının bir-iki ilə dərhal bərpa olunması qeyri-mümkündür:

"Bir neçə il gözləmək lazımdır. Proses ardıcıllıqla gedəcək: dənizin səviyyəsi əvvəlcə stabilləşəcək, geri çəkilmə dayanacaq, daha sonra isə tədricən yenidən qalxma prosesi başlayacaq. Hətta bu prosesin artıq başladığını ehtimal etmək olar. Lakin yayda buxarlanmanın güclü olması və kənd təsərrüfatında suvarma məqsədilə çay sularından həddindən artıq istifadə edilməsi səviyyənin düşməsinə birbaşa təsir göstərir. İlin ən yağıntılı dövrü isə adətən qışın sonu və yazın əvvəlinə təsadüf edir. Bu zaman stabilləşmə hiss olunacaq".

Ekoloq vurğulayıb ki, Azərbaycanın Xəzər dənizi ilə 825 kilometrlik sahil xətti var və sahil zonasındakı dəyişikliklər canlı aləmə birbaşa təsir göstərir:

"Sahil xəttindəki bitki örtüyü, fitoplankton və zooplanktonlar balıqların əsas qida mənbəyidir. Su geri çəkildikcə və ərazilər quruduqca dənizin biomüxtəlifliyi və qida bazası azalır, bu da balıqların çoxalmasına mənfi təsir edir. Təbii olaraq qida yoxdursa, canlıların artımı da azalır. Nərə kimi nadir balıq növlərinin azalması artıq hər yerdə kəskin hiss olunur".

Onun sözlərinə görə, yaranmış mövcud vəziyyəti kompensasiya etmək məqsədilə müəyyən addımlar atılır:

"Süni balıqçılıq təsərrüfatlarının yaradılması populyasiyanın bərpasına müsbət təsir göstərir. Hazırda Xəzəryanı dövlətlər ekosistemin və qiymətli balıq növlərinin qorunması istiqamətində birgə tədbirlər planlaşdırırlar. Gələcəkdə dəniz ekosisteminin tədricən bərpa olunması ilə dünyada yüksək dəyərləndirilən nərə balığı ehtiyatlarını yenidən artırmaq mümkün olacaq".

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev isə bildirib ki, su səviyyəsinin daim qalxıb-enməsi Xəzər dənizinin ən mühüm xüsusiyyəti, dənizin bir növ "vizit kartı"dır:

"Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur fikrində var: "Şam əgər yanmırsa, yaşamır demək". Xəzər dənizində səviyyənin dəyişməsi onun bir növ yaşam tərzidir.

Dəniz yarandığı gündən - təxminən 5 milyon il bundan əvvəl bu günə qədər daim su səviyyəsi dəyişib. Son 4 min illik tarixi məlumatlar göstərir ki, Xəzərin səviyyə dəyişmələrində müəyyən dövrilik mövcuddur. Yəni dənizin səviyyəsi təxminən 200-230 il ərzində aşağı düşür, növbəti 200-230 ildə isə yenidən qalxır.

Sonuncu ən yüksək səviyyə 1805-ci ildə qeydə alınıb ki, bu da indiki göstəricidən 4-5 metr yuxarıdır. Həmin tarixdən etibarən Xəzər ümumi olaraq enmə trendindədir. Belə bir dövriliyin içərisində bəzi xırda dəyişmələr də baş verir. Məsələn, son 100 ildə dənizin səviyyəsində üç dəfə ciddi dəyişiklik müşahidə olunub.

1930-cu ildən 1977-ci ilə qədər suyun səviyyəsi 3 metrdən çox aşağı düşüb. 1978-1995-ci illərdə isə əksinə, 2,5 metr kəskin şəkildə qalxıb. 1995-ci ildən bu günə qədər olan son mərhələdə isə Xəzər yenidən təxminən 2,5-3 metr səviyyəsində çəkilib. Bu, dənizin təbii xüsusiyyətidir.

1805-ci ildən başlayan ümumi enmə dövrünün təxminən 2040-2050-ci illərə qədər davam edəcəyi və suyun səviyyəsinin indiki nöqtədən daha 1-1,5 metr aşağı düşəcəyi proqnozlaşdırılır. Yalnız ondan sonra dənizdə yeni bir qalxma sikli başlayacaq.

Sevindirici haldır ki, əgər təxminən beş il əvvəl - 2020-2021-ci illərdə Xəzər ildə 25-30 santimetr sürətlə çəkilirdisə, son üç ildə bu enmə tempi zəifləyərək illik 10-15 santimetr intervalına düşüb. Bu tendensiya onu göstərir ki, təxminən 15-20 ildən sonra Xəzər dənizində səviyyənin enməsi tamamilə dayanacaq və növbəti dövri qalxma mərhələsi başlayacaq".

Əmir Əliyev əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması onun sahildən uzaqlaşma dərəcəsini müəyyən edən əsas parametrdir:

"Dənizdə suyun səviyyəsi azaldığı üçün o, sahildən geriyə doğru aralanır. Bu çəkilmələr relyefin quruluşundan asılı olaraq müxtəlif ərazilərdə fərqli müşahidə olunur. Məsələn, bizim sahillərdə ən kəskin çəkilmə Kür çayının mənsəbi ətrafındakı ərazilərdə qeydə alınıb ki, burada elə yer var ki, su xətti 1 kilometrə qədər geriyə düşüb. Bakı ərazisində, xüsusən Lökbatan sahəsində isə dəniz təxminən 500 metrə qədər uzaqlaşıb. Ən böyük çəkilmə isə Qızılağac körfəzi rayonundadır ki, orada dəniz sahil xəttindən təxminən 2-3 kilometr geri çəkilib. Bütün bunlar tamamilə sahələrin relyefindən, dərinliyindən və quruluşundan asılıdır.

Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbi onun su balansının, yəni dənizə gələn və dənizdən gedən suların nisbətinin pozulmasıdır. Mədaxil hissəsini çay suları, birbaşa dəniz səthinə düşən yağıntılar və yeraltı sular təşkil edir. Məxaric, yəni itki hissəsi isə buxarlanma hesabınadır. Suyun dənizdən itməsinin təxminən 95 faizi birbaşa buxarlanma, 5 faizi isə Qaraboğazqol körfəzinə axan suların payına düşür ki, onlar da orada buxarlanır.

Bu prosesdə isə ən əsas rolu iqlim dəyişiklikləri - yağıntıların və temperaturun dəyişməsi oynayır”.

Volqa çayının suyu niyə azalır?

Professor bildirib ki, Xəzərin su balansında əsas payı - təxminən 80 faizini Rusiyanın Volqa çayı təmin edir. Lakin son 25-30 ilin elmi araşdırmaları göstərir ki, Volqa çayının suyunda təxminən 25-30 faiz civarında azalma var. Bunun birinci səbəbi iqlimdirsə, ikinci mühüm səbəbi antropogen təsirlər, yəni insan fəaliyyətidir.

"Bildiyimiz kimi, Volqa çayı Rusiya ərazisindən təxminən 3,5 min kilometr məsafədə uzanır və bu hövzədə 120 milyondan çox əhali yaşayır. İnsanlar çayın suyundan kənd təsərrüfatında, energetikada və məişətdə geniş istifadə edirlər. Çay üzərində çoxlu su anbarları tikilib ki, oradakı suyun bir hissəsi buxarlanır və Xəzər dənizinə çatmır. Son illərdə qlobal istiləşmə prosesi də bu regionda buxarlanmanı artıraraq Volqanın suyunun azalmasını sürətləndirir.

Gələcəkdə təbiətin öz qanunauyğunluğu ilə Volqanın suyunun yenidən artması müşahidə olunacaq. Çünki hazırda qlobal istiləşmədən danışsaq da, məsələn, min il əvvəl Avropanın, xüsusən Atlantik okeanı hövzəsinin iqlimi indikindən təxminən 1-2 dərəcə daha isti olub. Bu nöqteyi-nəzərdən, qlobal miqyasda bəzi alimlər ümumi dövrilikdə yavaş-yavaş soyuqlaşma mərhələsinin gələcəyini proqnozlaşdırırlar.

Bu proseslər Xəzərdə dərhal özünü büruzə verir. Çünki Xəzər dənizinin suyığma hövzəsi dənizin öz sahəsindən 10 dəfə böyükdür - təxminən 3,5 milyon kvadratkilometrdir, buraya yağıntılar əsasən Şimali Atlantika üzərindən gələn siklonlar və antisiklonlar vasitəsilə daxil olur. İndi həmin siklonların trayektoriyası şimala doğru yönəldiyindən Xəzər hövzəsinə düşən yağıntı azalıb. Eyni zamanda Xəzərin suyunun temperaturu artdığı üçün buxarlanma da sürətlənib və nəticədə səviyyənin aşağı düşməsi prosesi baş verir".

"Bu, Xəzər üçün normaldır"

Əmir Əliyev bildirib ki, tarixi faktlar da göstərir ki, bu çəkilmələr Xəzər üçün normaldır.

"Məsələn, cənub zonasında, Lənkəran sahillərində suyun altından qədim ağac kötüklərinin çıxması bu ərazilərin vaxtilə quru olduğunu sübut edir. Belə kəskin enmələr XIII əsrdə də olub və o zaman Bakı buxtasındakı Səbail qalası suyun üzünə çıxıb. VI əsrdə Dərbənd qalası tikiləndə isə dənizin səviyyəsi indikindən hətta 3-4 metr daha aşağı olub. Ən yüksək səviyyə isə qeyd etdiyim kimi, 1805-ci ildə qeydə alınıb. Görkəmli alim Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazır: “Mən öz gözümlə gördüm, Xəzərin suları qala divarlarını iki arşın ötmüşdü”. Deməli, bu tərəddüdlər Xəzərin xarakterik təbii halıdır.

Diqqət etsəniz, Bakının qədim kəndləri sahildən elə bir təhlükəsiz məsafədə salınıb ki, Xəzərin heç bir qalxma və ya enmə dövrü onlara təsir etmir. Lakin biz bu xarakteri unudanda fəsadlar qaçılmaz olur. Məsələn, 1977-ci ildən 1995-ci ilə qədər Xəzər qəfil qalxanda cənub zonasında təxminən 50 min hektar sahə, 50-yə yaxın yaşayış məntəqəsi, dəmir yolları və daxili infrastruktur suyun altında qaldı. Çünki insanlar dənizin səviyyəsi aşağı düşən dövrdə onun yenidən qalxacağını nəzərə almadan həmin riskli ərazilərdə tikinti işləri aparmışdılar".

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Xəzər dənizinin səviyyəsinin son illərdə sürətlə azalmasının əsas səbəbi ilk növbədə iqlim dəyişiklikləri ilə əlaqədardır:

"Xüsusilə, 1990-cı illərə qədər olan dövrün çoxillik iqlim norması ilə müqayisədə orta illik temperaturun artması, son bir neçə ildə isə bu artımın daha da sürətlənməsi əsas amillərdəndir. Azərbaycanın Xəzəryanı ərazilərində 2020-2025-ci illərdə orta illik temperatur artımı normadan təxminən 2°C-dən yüksək olmuşdur ki, bu da öz növbəsində buxarlanmanın əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Məsələn, son beş il ərzində dəniz səviyyəsinin bir metrdən çox azalmasında yüksək buxarlanmanın, Volqa və digər çaylardan daxil olan su axınının kəskin azalmasının, eləcə də yağıntı miqdarının çoxillik norma ilə müqayisədə aşağı olması kimi amillərin rolunu xüsusi qeyd etmək olar. Bütün bu amillər birlikdə Xəzər dənizinin səviyyəsinin daha sürətlə aşağı düşməsinə səbəb olub".

Bu problem Azərbaycan üçün hansı riskləri yaradır?

Qurum Xəzər dənizinin səviyyəsinin azalmasının bütövlükdə region, o cümlədən Azərbaycan üçün ciddi təhdid olduğunu açıqlayıb:

"Bu proses ilk növbədə iqtisadi fəaliyyətə, gəmiçiliyə, dəniz nəqliyyatına və ticarətə ağır zərbə vurur. Xüsusilə, sahilyanı infrastrukturun fəaliyyətində ciddi çətinliklər yaranır. Məsələn, gəmilərin limanlara və sahilə yaxınlaşması çətinləşdiyindən, əlavə qazma və dibdərinləşdirmə işlərinin aparılması zərurətə çevrilir.

Dəniz səviyyəsinin aşağı düşməsi sahilyanı ekosistemləri də böhranla üz-üzə qoyur. Nəticədə canlıların yaşayış mühiti pisləşir və biomüxtəliflik kəskin azalır. Sosial baxımdan isə insanların dənizlə birbaşa təmasda olduğu sahilyanı ərazilərdə - Bakı, Sumqayıt, Lənkəran, Neftçala və digər rayonlarda fərqli regional problemlər meydana çıxır. Bu səbəbdən mövcud infrastrukturun fəaliyyətinə və sahilyanı zonaların idarə olunmasına yenidən baxılmalı, yeni şəraitə uyğun idarəetmə tədbirləri həyata keçirilməlidir".

Dövlət xidməti prosesin təsirlərini azaltmaq üçün qlobal iqlim dəyişiklikləri ilə mübarizənin genişləndirilməli olduğu qənaətindədir:

"Atmosferə atılan tullantıların azaldılması temperatur artımının məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Temperatur artdıqca buxarlanma da artır və nəticədə dənizin su balansına mənfi təsir göstərir. Buna görə də qlobal səviyyədə karbon qazının azaldılması və temperatur artımının məhdudlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi vacibdir. Eyni zamanda, hər bir Xəzəryanı ölkə Xəzərə tökülən çayların su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadə etməli, alternativ su mənbələrinin yaradılması istiqamətində tədbirlər görməlidir. Bu yanaşma Volqa, Kür, Terek və Ural çaylarından Xəzər dənizinə daxil olan suyun həcminin artırılmasına müsbət təsir göstərə bilər.

Bundan əlavə, müxtəlif alternativ layihələr də müzakirə olunur. Bunlara Şimal çaylarının Xəzər dənizinə yönəldilməsi, həmçinin Peçora çayının Kama çayı vasitəsilə Xəzər hövzəsinə axıdılması kimi layihələr daxildir".

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR