"Güzəştli mənzillər püşkatma üsulu ilə satılmalıdır" - Ekspertdən TƏKLİF

MİDA layihələrində mənzillərin satışa çıxarılması zamanı yüksək tələbat və məhdud mənzil sayı məsələsi yenidən gündəmə gəlib. Güzəştli mənzil imkanından yararlanmaq istəyənlərin sayı çox olsa da, hər kəs mənzil əldə edə bilmir. Bu isə sistemin əlçatanlığı və mənzil ehtiyacının ödənilməsi ilə bağlı suallar yaradır.
Daşınmaz əmlak eksperti Elnur Azadov Sfera.az-a açıqlamasında bildirib ki, onlayn şəkildə keçirilən mənzil seçimləri zamanı prosesin bir neçə saniyə ərzində başa çatması, xüsusi proqramlardan istifadə və internet bağlantısındakı fərqlər vətəndaşların narazılığına səbəb olur.
Onun fikrincə, mövcud sistem daha şəffaf və bütün vətəndaşlar üçün bərabər imkanlar yaradan mexanizmlə əvəzlənməlidir:

“Vətəndaşların çoxu bu prosesin bəzi lotereyalarda olduğu kimi, ənənəvi püşkatma formatında keçirilməsini istəyir. Digər tərəfdən, ucqar kənd və rayonlarda internet bağlantısı zəif olan şəxslər bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Vətəndaş yalnız ona əlçatan olan internetdən istifadə edir və sürət aşağı olduqda prosesə operativ reaksiya verməkdən məhrum olur. Bu isə vətəndaşlar arasında qeyri-bərabərlik yaradır ki, bu da narazılıqların ikinci əsas səbəbidir. Mən də bu sahədə yeni innovasiyaların tətbiqinin tərəfdarıyam. Vətəndaşların və istehlakçıların böyük əksəriyyəti bu problemdən şikayətlənir. Prosesin daha şəffaf şəkildə həyata keçirilməsi çox daha yaxşı olardı”.
Ekspert qeyd edib ki, mövcud sistemlə bağlı əsas problemlərdən biri xüsusi proqramlar və botlar vasitəsilə onlayn proseslərin saniyələr ərzində başa çatmasıdır. O, problemin həlli üçün prosesin lotereya tipli, ənənəvi püşkatma üsulu ilə keçirilməsinin nəzərdən keçirilməsini təklif edib.
Ekspert eyni zamanda mövcud sistemin yenilənməsinin və daha şəffaf, hər kəs üçün bərabər imkanlar yaradan innovativ mexanizmin qurulmasının vacibliyini vurğulayıb.
İradə Elsevər






