Logo

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin 2026-cı il 27 oktyabr tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı müasir dünyanın ən həssas məsələlərinə Azərbaycan baxışının ifadəsi olub. Dövlət başçısı qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq 15 ildir ki, mövcuddur və mədəniyyətlərarası münasibətləri həll etmək üçün ən səmərəli platformalardan birinə çevrilib. Bu il Forumda 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən 500-dən çox qonaq iştirak edib. Azərbaycan bu təşəbbüsü hələ 2011-ci ildə irəli sürüb və BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə yaşadıb.

Prezidentin çıxışında multikulturalizm əsas yer tutub. Azərbaycan tarixən Asiya ilə Avropa arasında körpü olub. Dövlət başçısı vurğulayıb ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində məhz cəmiyyətimizdəki ahəngdarlıq dayanır. Bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamıza uyğun bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Bakıda məscid, kilsə və sinaqoqun yanaşı fəaliyyəti bunun canlı sübutudur.

Milli birlik məsələsinə toxunan dövlət başçısı bildirib ki, hamımız azərbaycançılıq ideyası ətrafında birləşirik və bu ideya Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında sınaqdan çıxıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri Qələbəmizin rəmzi olan Dəmir yumruq kimi vuruşublar. Dövlət başçısının sözlərinə görə, əgər Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmətin real platforması olmasaydı, heç zaman uğur qazana bilməzdik.

Dövlət başçısı deyib ki, yaşadığımız sistemdən asılı olmayaraq dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Azərbaycan əsrlər boyu dövlətçiliyindən məhrum olub, lakin milli hisslərini itirməyib. Bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümü qeyd olunub. Bütün quruculuq işləri məhz bu illərdə görülüb.

Cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycanda hər hansı daxili risk yoxdur, bütün potensial risklər hüdudlarımızın kənarından gəlir və ideoloji risklər fiziki risklər qədər təhlükəlidir.

Dövlət başçısı bildirib ki, biz əraziləri işğal altında olan ölkə kimi, ən elementar insan hüquqları daim pozulan xalq kimi əbədi yaşamalı deyildik. Uzun illər danışıqlarda səmimiyyətlə iştirak etmişik, nəticə olmayanda isə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququmuzdan istifadə etmişik. Bəli, biz özümüzü müdafiə etmişik, düşməni məğlub etmişik, 30 il işğal altında olmuş torpaqlarımızı azad etmişik və ədaləti bərpa etmişik.

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin 30 il kağız üzərində qalan dörd qətnaməni təkbaşına icra etmişik. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı işğala son qoyub.

Dövlət başçısı deyib ki, bundan sonra Ermənistana sülh təklif etmişik və bu misli görünməmiş haldır. Müharibələr tarixində qanlı toqquşmadan iki il keçməmiş sülh təklifinə rast gəlinmir. Sülh sazişinin layihəsini Azərbaycan hazırlayıb. Cənab İlham Əliyevin fikrincə, biz qisasımızı döyüş meydanında almışıq və bundan irəli getməməliyik, əks təqdirdə bu sonsuz müharibəyə çevrilər. Prezident vurğulayıb ki, müharibəyə başlamaq çox asandır, onu bitirmək isə çox çətindir və Azərbaycanın bu təcrübəsi bu gün müharibə aparan tərəflər üçün öyrənilməlidir.

Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi də müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Onlar icra olunmayıb, onları təmin edən mexanizm yox idi və Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Prezident deyib ki, indi ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük, Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz, lakin Ermənistana qarşı sanksiya tətbiq edilməyib və bu ikili standartdır. Dövlət başçısının sözlərinə görə, cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir və biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq. Bütün nailiyyətlər xalqımızın zəhməti sayəsində olub.

Dövlət başçısı bildirib ki, bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olub və biz heç bir beynəlxalq yardım almamışıq. Prezidentin dediyinə görə, biz özümüzü beynəlxalq birliyin etibarlı üzvü kimi təqdim edə bilmişik. 2025-ci ildə Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi, ABŞ ilə Strateji Xartiya imzalanıb, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığımız var. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın borcu ÜDM-in 5 faizindən bir az artıqdır. Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakı ev sahibliyi edəcək. Dövlət başçısının sözlərinə görə, Ermənistanla sülh keçən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Beləliklə, Azərbaycan ədaləti bərpa edərək Cənubi Qafqazda yeni reallıq yaradıb və bunu Ağ Evdə möhürləyib.

Ceyran Həsənova

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi, şəhid anası

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR