Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Sfera.az xəbər verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Təmir işləri Moskva prospekti (kənar yol), Rəşid İsmayılov küçəsi (Biləcəri enişi) və Natəvan küçəsində aparılacaq.
Müntəzəm marşrutlar üzrə avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil olunacaq.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsi istiqamətində fəaliyyət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutların hərəkəti Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində təşkil ediləcək.
156, 156A, 158, 170, 525A və 525B nömrəli marşrutların avtobusları "20 Yanvar” dairəsi və Moskva prospektinin tuneli ilə hərəkət edəcək.
91 nömrəli marşrutun fəaliyyəti isə Rəşid İsmayılov küçəsi, 1-ci döngə və Qabil Süleymanov küçəsi istiqamətində təşkil olunacaq.
Sürücülərdən tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları və alternativ hərəkət yollarından istifadə etmələri xahiş olunur.






