Vanqanın 2026 proqnozu reallaşdı - GƏLƏCƏKLƏ BAĞLI NƏLƏR DEYİLİB?

2026-cı il dünya üçün ən gərgin illərdən biri kimi tarixə düşüb.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, davam edən Rusiya-Ukrayna müharibəsi, Sudandakı ağır vəziyyət, Yaxın Şərqdə artan gərginlik və dünyanın müxtəlif bölgələrində baş verən dağıdıcı təbii fəlakətlər fonunda illər əvvəl verilmiş “qiyamət” proqnozları yenidən gündəmə gəlib.
Bəs 2026-cı ilin hadisələrini həqiqətən əvvəlcədən deyən kimsə olubmu? Baba Vanqa, Nostradamus, Maya təqvimi və müasir ekstrasenslərin hansı proqnozları baş verən hadisələrlə üst-üstə düşür?
Sfera.az-ın araşdırmasına əsasən, ən çox müzakirə olunan adlardan biri Baba Vanqadır. Bolqarıstanlı məşhur ekstrasens Baba Vanqanın adına 2026-cı illə bağlı bir sıra proqnozlar aid edilib. Bunların arasında III Dünya müharibəsinin başlanması, böyük təbii fəlakətlər, iqtisadi böhran, süni intellektin insan həyatına nəzarətinin artması və hətta yadplanetlilərlə əlaqə qurulması kimi iddialar var.
2026-cı ilin əvvəlindən xüsusilə “III Dünya müharibəsi başlayacaq” iddiası geniş yayılıb. Bəzi mənbələrdə isə Vanqanın həmin il ərzində Avropanın böyük böhran yaşayacağını dediyi iddia olunub. Maraqlıdır ki, 2026-cı ildə ABŞ və İsrail ilə İran arasında genişmiqyaslı müharibənin başlaması bu iddiaları yenidən gündəmə gətirib. Fevralın 28-də başlayan qarşıdurma sonrakı aylarda da davam edib və sentyabrın əvvəlində ABŞ-İran gərginliyi yenidən şiddətlənib.
Dünyanın müxtəlif bölgələrindəki fəlakətlər də Vanqanın adına çıxılan “böyük təbii fəlakətlər” proqnozlarının müzakirəsinə səbəb olub. Nepalda avqustun sonlarında baş verən dağıdıcı daşqınlar, İndoneziyadakı zəlzələ və Serbiyadakı meşə yanğınları beynəlxalq fəlakət monitorinq sistemlərinin qeydə aldığı hadisələr arasındadır. Baba Vanqanın bu proqnozları yazılı şəkildə təsdiqlənməyib.
“Guardian”ın araşdırmasına görə, Vanqanın gələcəklə bağlı məşhur qlobal proqnozlarının böyük hissəsinin yazılı və ya səs yazısı şəklində ilkin sənədi yoxdur. Onun adına sonradan çoxsaylı fikirlər əlavə edilib və bəzi iddialar siyasi məqsədlərlə də istifadə olunub. Bu səbəbdən 2026-cı ildə baş verən hadisələrin Vanqanın proqnozlarının “dəqiq reallaşması” olduğunu demək elmi baxımdan mümkün deyil.
Bəs Nostradamus necə?
XVI əsrdə yaşamış fransız astroloq Mişel Nostradamusun adı da 2026-cı il hadisələri ilə əlaqələndirilir. Onun “Yeddi ay böyük müharibə” kimi şərh edilən məşhur misraları bu il xüsusilə diqqət çəkib. Bəzi şərhçilər həmin ifadəni 2026-cı ildəki qlobal hərbi qarşıdurmalarla əlaqələndiriblər. Lakin burada da ciddi problem var. Nostradamusun əsərlərində 2026-cı il açıq şəkildə göstərilmir. Sonrakı dövrlərdə onun qeyri-müəyyən və simvolik şeirləri müxtəlif illərin hadisələrinə uyğunlaşdırılıb. Yəni Nostradamusun “2026-cı ildə bu müharibə olacaq” tipli konkret proqnoz verdiyini təsdiqləyən etibarlı ilkin mənbə yoxdur.
2026-cı il üzrə əvvəlcədən açıqlanmış proqnozları sonradan baş verən hadisələrlə əlaqələndirilən daha müasir şəxslərdən biri braziliyalı ekstrasens Atos Salomedir. O, “Living Nostradamus”, yəni “Yaşayan Nostradamus” ləqəbi ilə tanınır. Salome 2026-cı il üçün bir sıra proqnozlar yayıb. Onlardan biri Yaxın Şərqdə, xüsusilə İranla bağlı gərginliyin təhlükəli həddə çatması idi. 2026-cı ilin yayında ABŞ, İsrail və İran arasındakı qarşıdurma fonunda Salome həmin proqnozunun reallaşdığını iddia edib. O, həmçinin 2026-cı il futbol üzrə dünya çempionatında İspaniyanın qalib gələcəyini əvvəlcədən dediyini bildirib.
Lakin onun digər proqnozları hələ sınaq mərhələsindədir. Salome 2026-cı ildə Arktikada Rusiya ilə NATO arasında təhlükəli qarşıdurma ehtimalı barədə də xəbərdarlıq edib. Onun fikrincə, buzlaqların əriməsi bölgədə enerji ehtiyatlarına və yeni nəqliyyat marşrutlarına çıxışı artırdıqca Rusiya ilə NATO arasında rəqabət hərbi qarşıdurmaya çevrilə bilər.
(NDTV) Britaniyalı ekstrasens Kreqyq Hamilton-Parker də 2026-cı il üçün bir sıra proqnozlar verib. Onun proqnozları arasında beynəlxalq münaqişələrin genişlənməsi, İranla bağlı hərbi gərginlik, Yaponiyanın üzərində təhlükəli qaz buludu və müxtəlif ölkələr arasında yeni qarşıdurmalar yer alıb. Avqust ayında Hamilton-Parker 2026-cı ilin sonuna qədər bir neçə ölkənin iştirak etdiyi yeni böyük müharibənin başlaya biləcəyini də iddia edib.
Lakin bunlar da elmi proqnoz yox, ekstrasensin şəxsi iddialarıdır. Mövcud məlumatlara əsasən, 2026-cı ilin sentyabrına qədər hadisələrlə ən çox əlaqələndirilən müasir proqnozlardan biri Athos Salomenin İran-Yaxın Şərq gərginliyi ilə bağlı proqnozudur.
2027-2030-cu illərlə bağlı nə deyilib?
Ən maraqlı məsələ isə bundan sonrakı illərdir. Baba Vanqanın 2027, 2028, 2030 və daha sonrakı illər üçün çoxlu proqnozları yayılıb. Bəzi mənbələrdə 2027-ci ildə Avropada hərbi qarşıdurmaların güclənəcəyi, Rusiya ilə Avropa arasında gərginliyin yeni mərhələyə keçəcəyi iddia olunub. İspaniyalı Nostradamus şərhçisi Manuel Sançezin hazırladığı 2027-2028-ci illər üzrə araşdırmada isə Ukrayna müharibəsinin Avropa-Rusiya qarşıdurmasına çevrilməsi və Şimali Afrikada, xüsusilə Mərakeş, Əlcəzair və Tunis ətrafında ciddi hərbi və sosial gərginliklərin yarana biləcəyi iddia edilib.
Ən qorxulu proqnozlardan biri 2028-ci illə bağlıdır. Müxtəlif Nostradamus şərhlərində bu il nüvə silahından istifadə təhlükəsi və böyük müharibə ilə əlaqələndirilib.
Bir sıra ezoterik mənbələrdə 2028-ci ildə qlobal müharibənin ən təhlükəli mərhələyə çatacağı, nüvə silahının gündəmə gələ biləcəyi və münaqişənin bir neçə qitəyə yayıla biləcəyi iddia olunub. Başqa bir məşhur şərhə görə isə Nostradamusun “27 illik müharibə” ilə bağlı olduğu düşünülən iddialar 2028-ci ilə qədər uzanan böyük qarşıdurma ssenarisinə işarə edib. Bəzi şərhçilər bu dövrü 2001-ci ildən hesablayaraq 2028-ci ildə müharibənin sona çatacağını düşünürlər. 2029-cu il üçün yayılan proqnozlarda əsas mövzu müharibənin genişlənməsidir. Bəzi şərhlərdə bu dövrdə ənənəvi silahlardan əlavə, texnoloji, bioloji və kimyəvi silahlardan istifadə təhlükəsinin yarana biləcəyi iddia edilib.
Bəzi şərhçilər isə 2029-cu ildə dünya siyasətinin tamamilə qeyri-sabitləşəcəyini və əvvəlki illərdə başlayan müharibələrin yeni dövlətləri də prosesə cəlb edəcəyini yazıblar. İspan Nostradamus şərhçisi Manuel Sançezin 2029-2030-cu illər üçün hazırladığı materialda isə Ukrayna müharibəsinin Polşa, Rumıniya, Moldova, Slovakiya və Macarıstana doğru genişlənməsi ilə bağlı ssenari irəli sürülüb.
Onun şərhində Qara dənizin də əsas hərbi bölgələrdən birinə çevriləcəyi iddia olunub. Nostradamusun gələcəyi ilə bağlı bir xronologiya hazırlayan mənbədə 2030-cu il mümkün böyük münaqişələr üçün potensial tarixlərdən biri kimi göstərilib. Həmin mənbə 2030-cu ili Avropa və ərəb dünyası arasında mümkün qarşıdurmalarla əlaqələndirib.
Daha bir Nostradamus xronologiyasında 2037 və 2038-ci illər mümkün böyük beynəlxalq qarşıdurmaların baş verə biləcəyi tarixlər sırasında göstərilib. Həmin şərhə əsasən, Avropa ilə ərəb dünyası arasında müharibə, yeni hərbi ittifaqlar və Yaxın Şərqdə qarşıdurmaların yenidən alovlanması ehtimalı qeyd olunub.
Məsələn, bəzi siyahılarda 2028-ci ildə yeni enerji mənbəyinin yaradılması, 2033-cü ildə dəniz səviyyəsinin əhəmiyyətli yüksəlməsi, 2040-cı illərdə isə qlobal siyasi və iqtisadi dəyişikliklər kimi iddialar yer alıb.
Əslində gələcəklə bağlı ən ciddi proqnozlar kahinlərdən deyil, alimlərdən və risk analitiklərindən gəlir. Məsələn, 2026-cı il başlamazdan əvvəl beynəlxalq risk institutları Ukrayna, Sudan, Yaxın Şərq və digər bölgələrdə münaqişələrin davam etməsini əsas risklər sırasında göstərib.
Təbii fəlakətlər üzrə isə müasir sistemlər real məlumatlardan, məsələn seysmik müşahidələrdən, peyklərdən, iqlim modellərindən və meteoroloji göstəricilərdən istifadə edir. “Swiss Re”nin məlumatına görə, 2026-cı ilin ilk yarısında təbii fəlakətlərdən sığortalanmış qlobal itkilər təxminən 42 milyard dollar təşkil edib.
Bəsti Rəfizadə






